Gültəkin Hacıbəyli: "Dözümə son qoyulmalıdır"
“Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq”.
Bunu Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli deyib.
G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında paralellər aparıb.
“Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var - xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”.
"Boykot edək"- Eldəniz Quliyev
Milli Şura üzvlərindən Eldəniz Quliyev çıxışında referendumu boykot etməyə çağırıb. O, dəyişikliklərin yaxşı heç nə vəd etmədiyini bildirib.
E.Quliyev ölkədəki problemlərdən danışıb: “Hər bir sahə problemlərlə savaşır. Biz bu problemlərin həll edilməsini istəyirik. Bu problemləri daha da dərinləşdirəcək qanunverici mexanizmləri yaradılmamalıdır. Biz torpaqlarımızın azad edilməsini istəyirik. Ancaq hökumət 25 ildir yalan danışır. Parça-parça olmuş mənəviyyatımızı qorumaq istəyirik. Ancaq hökumət Hacı Tale Bagırov, Hacı Abgül kimi mənəviyyat adamlarını həbsxanaya atıb”, E.Quliyev bildirib.
Mitinqdə “İstefa” “Azadlıq” şüarları səslənir.
"Bu dəyişiklikləri qəbul etmək olmaz"
Milli Şuranın üzvü, sabiq ədliyyə generalı Vidadi Mirkamal çıxışında referenduma çıxarılacaq təkliflərdən danışıb.
O, xüsusilə, mülkiyyət hüququ ilə bağlı dəyişiklik təkliflərinin cəmiyyətin maraqlarına zidd olduğunu, onların xüsusi mülkiyyət hüququnu çox ciddi təhdid etdiyini vurğulayıb.
“Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram”.
Əli Kərimli xəbərdarlıq edir
AXCP sədri Əli Kərimli mitinqdə təxribatlar ola biləcəyi haqda xəbərdarlıq edib.
“Bu dəqiqələrdə aldığımız bilgilərə görə, burdakı qələbəlikdən narahat olan hakimiyyət səviyyəsiz təxribatlar planlayır. Burdan hökumətə səslənirəm ki, təxribatı siz planlayırsınız və məsuliyyəti də sizin üzərinizdədir”, deyə AXCP sədri hökumətə səslənib.
“Bu təxribat söz-söhbətləri burdakı minlərlə cəsur insanı qorxuda bilməz” - deyən Ə.Kərimli mitinq iştirakçılarından xahiş edib ki, hər hansı təxribat cəhdi olarsa, onu edənləri saxlayıb polisə təhvil versinlər.