Gürcüstanda parlament seçkisinə qatılan 30-dək azərbaycanlı namizəddən biri - 33 yaşlı Baniamin Kasimov seçki yarışına qoşularkən, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindəki işindən istefa verib.
O, Türkiyədə siyasi elmləri öyrəndiyindən, karyerasını da siyasətlə bağlamaq istəyir. Gürcü dilini doğma dili kimi bildiyini deyən Baniamin Kasimov əvvəllər hakimiyyətə yaxın partiyada təmsil olunub: “Partiyamız “Gürcü arzusu” koalisiyasındaydı, amma sonra o koalisiyanı tərk elədi. İndi başqa müxalif partiya ilə koalisiyadayıq”.
Azad Demokratlar Partiyasının proporsional siyahısında olan, həm də Bolnisi rayonundan majoritar qaydada namizədliyini verən Baniamin qələbəsinə inanır.
Dediyinə görə, 2012-ci il seçkilərində hakim partiyadan təklif alıb, amma partiyasını dəyişmək lazım gəldiyindən, təklifdən boyun qaçırıb: “Düzdür, hazırda partiyanın təkbaşına qazanma şansı azdır, amma digər bir partiya ilə koalisiya qurmuşuq. Barajı keçəcəyik. Sorğularda 2-3-cü yerlərdəyik”.
Buna da bax: 30 nəfərə yaxın azərbaycanlı Gürcüstanda deputat olmaq istəyir
“Seçici olsaydım, səsimi ona verərdim”
Onun fikrincə, azad seçki ortamı yarandığından, azərbaycanlılar bu dəfə parlament seçkilərinə könüllü və həvəslə qatılıblar. Baniamin azərbaycanlı namizədlərin çoxunun gənc və aralarında Qərbdə təhsil alanların da olduğunu, əksəriyyətin gürcü dilini də bildiyini söyləyir: “Bolnisi rayonu üzrə yeganə güclü rəqib Samirə İsmayılovanı bilirəm. Seçici olsaydım, səsimi ona verərdim”.
Baniamin nikbindir və azərbaycanlıların Gürcüstanın ictimai-siyasi həyatıyla bütünləşməyə başladığını düşünür: “Artıq gürcücə təhsil alan azərbaycanlı tələbələr var. Onlar ictimai-siyasi həyatda da fəallıq edirlər”.
Deputatlığa namizəd seçiciləri barədə müşahidələrini də bölüşür. Dediyinə görə, bəziləri elə bilir prezident seçirlər, bəziləri bələdiyyə qurumlarına seçki getdiyini düşünür: “Gürcü kəndlərində yaşayanların siyasi hazırlığı daha yüksəkdir, partiyalar haqqında məlumatlıdırlar. Amma azərbaycanlılar yaşayan kəndlərdə partiya və ideyamız haqqında danışmağa daha çox vaxt sərf edirəm”.
Buna da bax: Gürcüstanda azərbaycanlı namizəd: 'Plakatlarım cırılır, hədələnirəm, amma...'
“Məmurların haqsız münasibətinə görə seçkiyə qoşuldum”
35 yaşlı əczaçı Kamran Məmmədov Tbilisidə yaşasa da, namizədliyini Marneuli rayonundan verib. 2012-ci il seçkilərində Saakashvili-nin sədri olduğu partiyanın gənclər komitəsinin başçısı kimi fəallıq edib, amma iki il sonra həmin partiyadan ayrılaraq, siyasi karyerasını başqa bir müxalif partiyada - “Yeni Gürcüstan”da qurmağa çalışıb: “Əslində, məni seçkiyə qoşulmağa vadar edən səbəb məmurların camaata qarşı haqsız münasibəti olub”.
Kamran Məmmədov seçkiyə həm proporsional, həm də majoritar qaydada qatılıb. O, bölgənin problemləriylə yaxından tanış olmaqdan ötrü seçicilərlə aramsız görüşlər keçirir: “Kəndlərdə suvarma, içməli su, kommunikasiya problemləri var. Qaz xətti Ağaəhmədli kəndindən keçir, amma kəndə qaz çəkilməyib. Bu cür problemlərə görə istəyirəm parlamentə düşüm və camaatın səsi olum”.
Buna da bax: Azərbaycanlı və gürcü namizədlər canlı yayımda dalaşdı- [Video]
“Bizimkilər kirimişcə dayanıblar”
O inanır ki, bu problemləri parlament salonundan qaldırsa, məmurlara təsiri olacaq və onlar vəzifə borclarını yerinə yetirməyə məcbur qalacaqlar: “Bizim keçmiş deputatlarımız parlamentdə ancaq susublar, heç vaxt bölgənin problemlərindən danışmayıblar. Başqa bölgənin deputatları yerli problemlərdən vaxtaşırı danışsalar da, bizimkilər kirimişcə dayanıblar”.
Kamran Məmmədov partiya rəhbərliyi ilə indidən şərt kəsdiyinə diqqət çəkir: “Partiya liderinə də demişəm ki, parlamentə düşsək, mən bölgənin problemlərini tez-tez qaldıracağam. Buna imkan verilməsə, mandatdan imtina edəcəyəm”.
Müsahibimiz seçkinin azad və demokratik keçəcəyinə inanır, amma seçicilərdə o inamı görmədiyini də deyir: “O qədər gəlib vəd verib eləməyiblər ki, seçicilər daha kimsəyə inanmırlar. Yenə sağ olsunlar, gənc kadr kimi etimad edir, görüşlərə gəlib dinləyirlər”.