Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

'Budkaqarışıq dənizə getdilər'


Neft Daşları
Neft Daşları

Estakada uçub, neftçilər itkin düşüb

Adının çəkilməsini istəməyən neftçi AzadlıqRadiosuna bildirir ki, N.Nərimanov NQÇİ-nun platforması 1970-80-ci illərdə tikilib, əsaslı təmir edilməyib: «Köhnədir, təmir edilməyib. 1970-80-ci illərin platforması necə olmalıydı ki? Dəmir çürüyür. Təzəni də köhnəyə bitişik tikiblər, köhnə uçanda bunu da dartıb aparıb».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da Facebook-da qəzanın bu səbəbdən baş verdiyini yazır. Bu haqda az sonra.
Arzu Əhmədova adlı istifadəçi isə yazır: «Bu işlərdə məsuliyyət daşıyan tərəf bir «Azneft» rəhbərliyi və bir də «Neftqaztikinti» trestidir. Konkret şəxslər artıq məsuliyyətə cəlb olunmalıdır, Mirkazım Abbasov və Daşqın Mehdiyev». O sual edir: «Niyə BP-də bu cür hadisələr baş vermir, çünki orda insan amilinə çox önəm verirlər».

Ötən il, dekabrın 4-də «Günəşli» yatağının 10-cu platformasında onlarla insan ölmüşdü.

Mirvari Qəhrəmanlı.
Mirvari Qəhrəmanlı.

«KÖHNƏ YATAQLARA SƏRMAYƏ QOYULMALI, ESTAKADALAR YENİDƏN TİKİLMƏLİDİR»

Baş verənlərlə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna danışıb.

– Mirvari xanım, bir ildə iki qəza. Səbəb Sizcə, sadəcə, küləkdir, yoxsa başqa səbəblər axtarılmalıdır?

– Birinci səbəb cəzasızlıqdır. İkinci məsuliyyətsizlik. Bu qədər insan ölümləri olur. Dövlət Komissiyasına qədər təşkil edilir, amma heç kim cəzalandırılmır. Kadr siyasəti düzgün aparılmır. Hesabatlarına baxırsan, təhlükəsizliyə, ekologiyaya, sosial problemlərə nə qədər pul ayırırlar. Amma insan faktoru sonda gəlir. Budəfəki ölümlərə səbəb yenə də məsuliyyətsizlikdir. Bu idarədə 2014-cü ildə 3 dəfə qəza baş verib. Bir dəfə 5 nəfər ölüb. İndi də nə qədər insan öldü. Bu dəfə də günahı küləyin üstünə qoysalar, daha deməyə söz qalmayacaq. Günahı həmişə küləyin üstünə qoyurlar ki, cəzalandırmaq mümkün olmasın. Amma bu dəfə günahkarlar cəzalandırılmalıdır. Özü də onları cəza olaraq aparıb bu cür estakadada operator işlətmək lazımdır.

– Bir azdan SOCAR rəsmiləri mətbuat konfransında hadisənin səbəbləri haqda açıqlama verməlidirlər. Amma səbəb külək olsa belə, burda məsuliyyətsizlikdən danışmağın yeri yoxdurmu? Axı, sərt havada iş dayandırılmalı və neftçilər təxliyə olunmalıdırlar.

– Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlcədən güclü külək olacağını xəbər vermişdi. Onları dərhal təxliyə etməliydilər. Bunlar da fikirləşib ki, camaat oturacaq budkada. Neftçilər də budkaqarışıq dənizə getdilər. Bir ailədən iki adam getdi.

– Zülfüqarovları deyirsiniz?

– Bəli. Dərdə bax. İki qardaş olmalıdırlar...

– Sizin qaynaqlarınız nə deyir? Hadisə necə baş verib?

– Bu estakada 1970-ci illərdə tikilib. O qəzalı estakada kimi qeydiyyatda olub. Həmin qəzalı estakadanın meydançasında istirahət üçün budka tikilib. Neftçilər gecə vaxtı orda qalıblar. Səhərə yaxın estakada uçub, meydançanı da aparıb, neftçiləri də. Ötən ilin dekabrın 4-də də «Neft Daşları»nda oxşar hadisə olmuşdu. O zaman iki faciə baş vermişdi, biri «Günəşli» yatağında, biri də «Neft Daşları»nda. Onda da estakadada yerləşən budka meydançadan uçmuşdu. Buna məsuliyyət daşıyanları işdən qovmaq lazımdır. Bu SOCAR-ı nə qədər bütün büdcə təşkilatlarının yerinə işləyən qurum edəcəklər? Axı, bu köhnə yataqlara sərmayə qoyulmalıdır, estakada təmir olunmalıdır, ya da yenisi tikilməlidir. Amma buna pul qoymaqdansa, gedib yeni quyu qazmağı, kiminsə binasını təmir etməyi, klinika tikməyi üstün tuturlar. Bəs bu insanlar, bu neftçilər yazıq deyil? Birinin ili hələ təzə çıxıb. Niyə bu adamlar bu günə salınmalıdır?

– Belə çıxır ki, hadisəyə səbəb estakadanın köhnə, təmirsiz olması olub?

– 1970-ci illərdə tikilən estakadadır, dediyim kimi, balansda da qəzalı kimi qeydə alınıb. Estakadalara bitişik meydançalar olur. Meydançalarda daşdan budka tikiblər. 150 metrlik estakada qopub dənizə gedib, dalınca budkanı da aparıb, meydançanı da. Bir az arxada neft çənləri olub. O çənlər də getsəydi, dənizə ekoloji ziyan da dəyəcəkdi...

– Sizcə, bu havada cəsədlərin tapılması mümkündürmü?

– Ötən dəfə 10-cu platformadan dənizə düşənləri külək üzü Türkmənistana aparmışdı. Külək üzü o tərəfə əsirdi. İndi külək hansı səmtə əsir, onu bilmirəm. Dövlət Neft Şirkəti axtarışlarda çox fərasətli də deyil, FHN də təcrübəli deyil. 10-cu platformada gördünüz neftçiləri təxliyə edə bilmədilər. İndiki estakada isə sahildən 5 kilometr aralıdadır. Gəmilər ordadır, axtarış aparırlar. Ancaq burda helikopterlər, dalğıclar da işləməlidir. Külək də əsir, hava şəraiti sərtdir. Görək nə olur...

XS
SM
MD
LG