Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Ötən il İslamla mübarizə, bu ilsə İslamla həmrəylik ili


İslam Oyunları. Karikatura. Gündüz Ağayev.
İslam Oyunları. Karikatura. Gündüz Ağayev.

“Kamal Abdulla Azərbaycanı “multikulturalizm nümunəsi” adlandırıb. Adam bunu eşidəndə utanır. Bunların bu haqda təsəvvürləri çox geridə qalıb. Multikulturalizm fərqli şeydir. Multilkulturalizmi təmsil edən cəmiyyətlər var, həmin cəmiyyətlərdə problemləri yumruqla, şilləylə, polis dəyənəyi ilə həll etmirlər, insan kontekstində həll edirlər”.

Prezident İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi ili elan edib. Dini məsələlər üzrə tədqiqatçı Altay Göyüşov bu haqda AzadlıqRadiosu-na danışıb.

Buna da bax:​ 2017-ci il 'İslam Həmrəyliyi ili' elan olundu

Altay Göyüşov
Altay Göyüşov

– Altay bəy, Azərbaycanın daxilində islam həmrəyliyi varmı?

– Olduqca çətin sualdır. Keçən il prezident də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri də israrla deyirdilər ki, Azərbaycanda radikalizm təhlükəsi yoxdur, Azərbaycan sekulyar ölkədir, sekulyar əsaslar möhkəmlənməkdədir və s. Amma tədqiqatla məşğul olan istənilən adam deyə bilər ki, keçən il Azərbaycanda radikalizmlə mübarizə adı altında gerçəkləşən tədbirlərin sayı əvvəlki illərdən qat-qat çoxdur.

– Nümunə deyə bilərsinizmi?

– Tutalım, Aşura mərasimlərinin keçirilməsinə qoyulan qadağalar, radikalizmlə mübarizə haqda qanunun qəbulu, sonradan ona edilən dəyişikliklər, üstəgəl xeyli sayda islamçının məhkəməsi... Yəni keçən ili daha çox İslamla mübarizə ili və ya siyasi islamla mübarizə ili kimi də qeyd etmək olar. Yadınıza gəlir yəqin, bəzi məscidlər də bağlandı. Hiss olunur ki, dövlətin İslam sahəsində özünəməxsus siyasəti var. Kənardan baxanda radikal İslamın kənara atılması, eyni zamanda, mötədil İslamın inkişafına şərait yaradılması çox cəlbedici görünə bilər. Amma bu, xüsusən də Dövlət Komitəsinin keçirdiyi tədbirlər sovet dövrünü yada salır. Komitə deyir ki, biz Ədliyyə Nazirliyi ilə bir yerdə radikalizmlə mübarizə məqsədilə penitensiar sistemdə 20-dən çox tədbir keçirmişik. Uşaq da bilir ki, bu tədbirlər daha çox quş qoymaq üçündür, bunların faktiki əhəmiyyəti yoxdur. Bizim hökumət problemləri həll etməyə yox, daha çox konservasiyaya, daha çox baş aldatmağa yönəlir.

Altay Göyüşov: 'Ötən il radikalizmlə mübarizə adı altında gerçəkləşən tədbirlərin sayı əvvəlki illərdən qat-qat çoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Buna da bax: İlham Əliyev: 'Biz müsəlmanların bir-birini qırmasına laqeyd baxa bilmərik'

– Sizcə, hökumət neyləməlidir?

– Tarix göstərir ki, radikalizmin qarşısını almaq, həmrəylik göstərmək, dinin inkişafı ancaq liberal demokratik cəmiyyətlərdə mümkündür. Həqiqətən də İslam həmrəyliyinə nail olmaq istəyirlərsə, başqa addımlar atılmalıdır, yəni qanunun aliliyi təmin olunmalıdır, korrupsiya ilə mübarizə aparılmalıdır, cavabdeh hökumət formalaşdırılmalıdır, modernləşmə dünya standartlarına uyğun getməlidir. Yalnız bu halda həmrəylik mümkündür. Azərbaycan hökuməti İslam həmrəyliyi elan edəndə onu əsas götürür ki, uzun illər sünnilərlə şiələr ölkədə yanaşı yaşayıblar. Amma bunlar boğazdan yuxarı deyilən sözlərdir. Suriyada, İranda, Səudiyyə Ərəbistanında, İraqda baş verənlər göstərir ki, İslamın ayrı-ayrı qolları arasında münasibətlər çox kəskinləşib. Bu, Azərbaycandakı duruma da təsirini göstərir. Dediyim odur ki, bu cür fundamental məsələlər bəyanat səviyyəsində həll olunmur, bunun üçün islahatlar, dəyişikliklər, modernləşdirmə lazımdır. Ona görə də mən bu cür İslam həmrəyliyi, İdman ili, multikulturalizm ili kimi şeyləri sovet təbliğatına oxşadıram. Bunun uğur gətirəcəyinə inanmıram.

– Ötən il multikulturalizm ili elan olundu, bu ilsə İslam həmrəyliyi ili. Bəziləri burda ziddiyyət olduğunu güman edir. Siz nə düşünürsüz?

– Yox, bu normaldır... Kamal Abdulla Azərbaycanı multikulturalizm nümunəsi adlandırıb. Adam bunu eşidəndə utanır. Bunların bu haqda təsəvvürləri çox geridə qalıb. Multikulturalizm fərqli şeydir. Multikulturalizmi təmsil edən cəmiyyətlər var, həmin cəmiyyətlərdə problemləri yumruqla, şilləylə, polis dəyənəyi ilə həll etmirlər, insan kontekstində həll edirlər. Bizdəsə “üstü bəzək, altı təzək” kimi nəsə bir şey etmək istəyirlər, bunu da inkişaf kimi qələmə verirlər. Düzdür, boğazdanyuxarı qurulmuş təbliğat kontekstində düzgün qurulmuş xətdir. Keçən il dünyaya göstərdilər ki, Azərbaycanda dinlər yanaşı yaşayır, bu ilsə göstərmək istəyirlər ki, islamdaxili konfensiyalar problemsiz yaşayırlar. Hamımız bilirik ki, bu problemlər var, bu problemlər fundamental şəkildə həll olunmur. Problemlər sadəcə, konservləşdirilir və bunlar haçansa başağrısına çevriləcək.

Buna da bax:​ 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

– Bir yandan İslam həmrəyliyi ili elan olunur, amma bir yandan müəyyən kəsimin dini lideri sayılacaq Taleh Bağırov məhkəmədə ona göstərilən təzyiqlərdən, işgəncələrdən danışır. Zahirən də bu həmrəylik görünmür sanki.

– Elə mən də onu demək istəyirəm ki, bizdə işlər məsələnin həlli yönündə yox, həlli görüntüsü yaratmaq yönündə həyata keçirilir. Azərbaycanda vətəndaş cəmiyyəti və sekulyar müxalifət sıradan çıxarılıb, fəaliyyəti üçün leqal meydan yoxdur. Amma müqəddəs yer boş qalmır. Bax, onda problemlərin ifadəçisi rolunda radikal qüvvələr çıxış etməyə başlayır. Onun qarşısı yumruqla alına bilməyib, tarix bunu göstərir. Problemlərin həlli modernləşmədən keçir, əks halda multikulturalizm, islam həmrəyliyi ilinin elanı boş şeydir.

– Altay bəy, bu il Azərbaycanda İslam Oyunları keçirilməlidir, bəlkə də İslam Həmrəyliyi ili ideyası burdan qaynaqlanır?

– Təəssüf ki, əlaqəsi var. O vaxt Avropa Oyunları keçiriləndə də Azərbaycanda İdman ili elan edilmişdi.

XS
SM
MD
LG