Azərbaycan Dövlət Musiqili Teatrı Beynəlxalq festivala dəvət alıb.
Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, söhbət Türkiyə Cümhuriyyətində hər il gerçəkləşdirilən 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalından gedir.
Hər il müxtəlif ölkələrin, xüsusilə də türk kökənli dövlətlərin məşhur sənət ustalarının qatıldığı festival bu il iyulun 14-dən 16-dək Bayburt şəhərində baş tutacaq.
Buna da bax: Musiqili Teatr Təbriz teatrı ilə birlikdə Novruz tamaşası hazırlayıb
Bayburt Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm festivalın əsası 1995-ci ildə qoyulub.
Bu il 23-cüsü düzənlənəcək Dədə Qorqud Beynəlxalq festivalına teatrın balet truppası ikinci dəfə qatılacaq.
Teatr 2008-ci ildə də bu festivalda Azərbaycanı uğurla təmsil edib.
Zəngin və rəngarəng proqramlı sənət bayramı Dədə Qorqudun Bayburtdakı məzarının ziyarətiylə başlayır.
Buna da bax: Bakıda Novruz festivalı
Festival müddətində müxtəlif tədbirlər – sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir.
Festival Dədə Qorqudun dünyada daha böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə keçirilir.