Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsüylə keçirilən «Kitabı tanıdın, kitabla tanının» şüarlı Buktreyler Festivalının qalibləri sabah bəlli olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalın məqsədi kitab və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Xəbərdə bildirilir ki, artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə yekun vurub və Təşkilat Komitəsi səslərin hesablanmasına başlayıb.
Qaliblər aprelin 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.
Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib (yəni, bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayıb) və Münsiflər Heyətinin üzvləri hansı buktreylerlərin qalib olacağından xəbərsizdir
Birinci, ikinci (2 nəfər) üçüncü (3 nəfər) yerin qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir.