Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:11

Qənimət Zahid: 'Heydərizmin ictimai rəydə əzəmətini itirməsindən qorxurlar'


Q.Zahid
Q.Zahid

«Hakimiyyətin mühacirlərin çıxışlarından narahat olmaq üçün əsasları var. Hərçənd bu narahatlığa zəmini də elə hakimiyyət özü yaradıb», – Fransada mühacirətdə yaşayan jurnalist Qənimət Zahid prezidentin köməkçisi Əli Həsənovun siyasi mühacirlərlə bağlı növbəti yazısını şərh edərkən deyir.

Jurnalist ölkə içində «yüzlərlə, minlərlə» gəncin sosial şəbəkələrdəki fəallıqlarına görə təqib edildiyini, həbs olunduğunu iddia edir və bəzən bu hallarla bağlı informasiyaların ictimailəşdirilmədiyini deyir. Amma o, mühacirətdəki fəalların hakimiyyətin «qara PR şakəri»nə eyni üslubda cavab verdiyini, çəkinmədiklərini və bu durumda hakimiyyətin onlarla mübarizədə bircə əlacı qaldığını düşünür: «Onlara Əli Həsənov kimi cavab vermək, bir az da hədə-qorxu gəlmək».

Bəs, hakimiyyət niyə sözügedən məsələnin üzərində bu qədər çox dayanır, prezidentin köməkçisi bununla bağlı iki dəfə sosial şəbəkədə status yazır, jurnalistlərin qurultayında danışır? Və ya telekanallarda bununla bağlı çıxışlar edilir, hətta prezidentliyə namizədlər belə pulsuz efir vaxtında həmin məsələnin üzərində dayanırlar?

«Ona görə bu qədər çılğındırlar ki...»

Q.Zahid bunun səbəbini belə izah edir: «Mühacirətdəki fəallara qarşı ona görə bu qədər çılğındırlar ki, onlar heydərizmin müqəddəs elan etdiyi kultlara birbaşa hücumlarla cavab verirlər. Bura Heydər Əliyevin özü, İlham Əliyev və rejimin müqəddəs saydığı başqa şəxslər də daxildir. Bu çıxışlar, əlbəttə, ictimai rəyə təsir edir. Bu çıxışların müəllifləri Azərbaycanda sürətlə populyarlaşırlar. Əlbəttə, hökumət ondan narahat deyil ki, mühacirətdəki fəallar ölkədə yeni siyasi təşkilatlanmanın əsasını qoyacaqlar, hakimiyyətə təhlükə törədəcəklər».

Q.Zahidə görə, söhbət birbaşa yox, dolayı təhlükədən gedir: «Heydərizm ictimai rəydə əzəmətini itirir, şaxı sınır, kütləvi istehza və lağ hədəfi olur. Diktatorun kütləvi istehza hədəfinə çevrilməsinin bir addım o üzündə hakimiyyətin inzibati siyasi əsaslarının dağılması prosesi dayanır».

Ə.Həsənov
Ə.Həsənov

Əli Həsənov hədələyir?

Prezidentin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənov bugünlərdə Facebook sosial şəbəkəsində Avropada yaşayan siyasi mühacirlərə müraciətlə yazıb ki, «öz əxlaq və şərəf ölçüləri olan azərbaycanlılar siyasi mübarizəni də həmin çərçivədə, milli-mənəvi və əxlaqi dəyərlərə uyğun şəkildə aparmalıdırlar».

O yazır ki, cavabdeh olduğu sahədə çalışan şəxslərin heç biri, heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyətinə toxuna biləcək leksikondan istifadə etməyib. Prezidentin köməkçisi polemikaya hazır olduqlarını da ifadə edib.

«Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrini mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, «trollar», «məqsədli təhqir» və s. bu kimi ifadələr ortaya atmaqla heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm», – Ə.Həsənov qeyd edib.

Son iki cümlədə hədə intonasiyasının duyulduğunu düşünənlər az deyil. Məsələn, Avropada yaşayan mühacirlərdən biri, sosial şəbəkədə hakimiyyət əleyhinə çıxışlarına görə ailəsinin təqiblərlə üzləşdiyini iddia edən Məhəmməd Mirzəli bu cür düşünənlərdəndir. O bu cür hədə-qorxu gəlməyi hakimiyyətin siyasi mühacirlərdən qorxması ilə bağlayır:

M.Mirzəli
M.Mirzəli

«Həyatımızdan məmnun olsaq da...»

«Əvvəl sosial şəbəkələrdə fəal olanların sayı beş-üç nəfəriydisə, «Diktatoru tanıt» layihəsi çərçivəsində sayımız durmadan artdı. İstər Ukraynada olsun, istər Gürcüstanda olsun, istər Avropa ölkələrində, istərsə də ABŞ-da və Kanada da. Artıq biz mühacirlər öz ölkəmizdə diktator istəmirik. Bu gün yaşadığımız ölkədə həyatımızdan məmnun olsaq da, Azərbaycanda olan haqsızlığa, diktaturaya yox deyirik. Buna görə də Azərbaycan hakimiyyəti narahatdır və sayımızın artmasından daha çox qorxur».

M.Mirzəli hesab edir ki, Azərbaycan hakimiyyəti mühacirlərin ailə üzvlərini həbs etməklə, yaxın qohumları polis idarəsinə aparmaqla, onlara hədə-qorxu gəlməklə qorxuda bilmir deyə, rəsmi şəxslər sosial şəbəkələrdə müraciətlər etməyə başlayır:

«Daha doğrusu, kiminsə ağzı ilə bizə mesaj göndərir ki, sizi öldürə bilərik. Azərbaycan hakimiyyəti əvvəllər bizi ermənilərə işləməkdə, onlardan maddi yardım almaqda suçlayırdısa, bu gün başqa söz danışır, prezidentliyə namizəd Hafiz Hacıyevin deyir ki, bizi Avropada ASALA terror təşkilatı öldürərək günahı hakimiyyətin üstünə atacaq. Yəni dünən dedikləri ilə bu gün dedikləri uyğun gəlmir. Əli Həsənov bizi təhqirdə suçlayır. Biz indiyə qədər təhqirə yol verməmişik, istər sosial şəbəkədə çıxışlarımızda olsun, istərsə də görüşlərdə. Biz hər zaman tənqidləri dilə gətirmişik. Azərbaycan hakimiyyəti isə bizi öz televiziya kanallarında söydürür, bizə iftira atır».

M.Mirzəlinin sözlərinə görə, iftira, söyüş işə yaramadığından Ə.Həsənovun diliylə hakimiyyət onları təhdid edir, qorxudur, «sonu heç də yaxşı olmayan işə baş qoşan bizlərə ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edir».

Vaşinqtonda İlham Əliyev əleyhinə maskalı aksiya
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

«Əliyevsayağı mübarizə Don Kixotluqdur»

M.Mirzəlidən fərqli olaraq, Q.Zahid bu gün sosial şəbəkələrdə təhqirin bollaşdığını deyir, amma bunu da «hakimiyyət mətbəxinin məhsulu – uzun illərdir təktərəfli apardığı qara PR texnologiyasının bəhrəsi» adlandırır:

«Hakimiyyət təsirini artırmaq üçün ekstensiv vasitələrdən, yəni trollardan istifadə edir. Trollardan bu qədər geniş istifadə edilməsi isə o deməkdir ki, hakimiyyətin sosial bazası ya həddindən artıq məhduddur, ya da həmin düşərgədə motivasiya yoxdur. Azərbaycan hakimiyyəti cəmiyyətə informasiya təqdimatının sivil qaydalarından özü imtina edib. Ölkədəki bütün müstəqil qəzetlərin qapadılması, hətta bəzi saytların Azərbaycan ərazisində bloklanması hansı məqsədə xidmət edirdi ki? Məqsəd odur ki, alternativ fikir marginallaşsın. İnformasiya texnologiyalarının yeni reallığında bu addım düşünülmüş qərarın nəticəsi deyildi».

Q.Zahidə görə, bu durumda hədə-qorxu ilə danışmaq faydasızdır. «Əli Həsənovun sözləri hansısa siyasi mühacirin sərt tənqid və təhqirlərindən daha effektiv olsaydı, narahat olmağa ehtiyac qalmazdı, hər bir mühacirə qarşı yüz trol səfərbər etməzdi», - deyə əlavə edir.

Jurnalist düşünür ki, hakimiyyət siyasi mühacirlərin sosial şəbəkələrdəki siyasi tonundan, prezidentin şərəf və ləyaqətinin təhqir edilməsindən narahatdırsa, yeni üslub seçməli, qarşı tərəflə açıq dialoqa getməlidir. Üstəlik də, söz azadlığının sərhədləri genişləndirilməlidir ki, insanlar informasiyanı sosial şəbəkədən yox, dövri mətbuatdan alsınlar:

«Bütün hallarda ciddi, öz quralları, kodeksləri olan mətbuat, nə qədər sərt tənqid maneralarının olmasına baxmayaraq, heç bir məsuliyyət yükü olmayan sosial şəbəkələrdən daha konstruktiv platformadır. XXI əsrdə söz azadlığına qarşı Əliyevsayağı mübarizə aparmaq Don Kixotluqdur».

Xatırlatma

Prezidentin köməkçisi Ə.Həsənov bir müddət öncə də Facebook səhifəsində oxşar statusla çıxış etmişdi. Həmin statusunda prezidentin köməkçisi bəzi mühacirlərə üz tutaraq yazırdı ki, «heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz».

Mühacirlər iddia edirlər ki, onlardan qisas almaq məqsədilə Azərbaycandakı qohumlarını incidirlər. Azərbaycanın hüquq-mühafizə orqanları isə bəyan edirlər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə basqılarla üzləşmir və belə şikayətlərin heç bir əsası yoxdur.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində «Diktatoru tanıdaq» adlı aksiyalar keçirirlər.

XS
SM
MD
LG