Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:08

Facebook, Twitter rəsmiləri Konqresdə dindiriləcək


İllüstrativ foto
İllüstrativ foto

Facebook və Twitter rəsmiləri sentyabrın 5-də ABŞ Konqresində ifadə verəcəklər. Onlar rusiyalı əməliyyatçılar və digər agentlərin qarşıdan gələn konqres seçkilərinə mümkün müdaxilə cəhdlərinin necə önlənməsinə dair sualları cavablandırmalıdırlar..

Son bir ildə Konqres sosial media şirkətlərini kəskin tənqid edib. Belə ki, Rusiyanın 2016-cı ildə prezident seçkisi kampaniyasına müdaxilə cəhdlərinin məhz bu sosial şəbəkələr vasitəsilə edildiyi üzə çıxıb.

Bu ilin əvvəlində xüsusi prokuror Robert Mueller 13 rusiyalıya ittiham irəli sürüb. Onlar Facebook və Twitter-də saxta hesablar yaradaraq sosial şəbəkələrdə bölücü məsələlərin təbliğində suçlanırlar.

“SİLAH YARIŞI”

Senatın kəşfiyyat komitəsində gözlənən dinləmədən öncə Facebook qurucusu Mark Zuckerberg-in “Washington Post” qəzetində məqaləsi dərc olunub. O, şirkətinin demokratiyaya ziyan vurmağa çalışan hakerlərlə “silah yarışı” apardığını bildirib.

Brüsseldə Facebook-la bağlı etiraz aksiyası
Brüsseldə Facebook-la bağlı etiraz aksiyası

“Facebook kimi şirkətlər qabaqcıl, yaxşı maliyyələşdirilmiş, zamanla daha da fərasətli olan düşmənlərlə üzləşir. Bu, bir silah yarışıdır, Amerika demokratiyasını kənar müdaxilədən qorumaqdan ötrü ABŞ-ın özəl və dövlət sektorları qüvvələrini birləşdirməlidir”, – o yazır.

Komitə Google və YouTube-nun təsisçi şirkəti olan Alphabet-in rəhbəri Larry Page-i də dəvət edib, amma şirkət daha aşağı vəzifəli rəsmi göndərəcəyini bildirib. Komitə təklifi rədd edib, dinləmə zamanı Page üçün nəzərdə tutulmuş stul boş saxlanacaq.

Komitə sədri Richard Burr deyib ki, Google həll yollarının tapılması üçün hökumətlə işləmək istəmirsə, “problemi anlamır”.

Burr Facebook və Twitter-in problem anladıqlarını söyləyib. Amma ötən il bu iki şirkətin rusiyalı əməliyyatçılar tərəfindən sui-istifadəyə məruz qalmalarını etiraf etməkləri bir neçə ay çəkdi.

Dinləməyə Facebook-un 2 nömrəli rəsmisi Sheryl Sandberg qatılacaq. Onun öncədən hazırlanmış çıxışında şirkətin problemi yoluna qoymaqdan ötrü gördüyü işlər sadalanır, ancaq sosial media nəhənginin müdaxiləni gec aşkarladığı da etiraf olunur.

XS
SM
MD
LG