Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Mübariz İbrahimovun anası oğlu haqqında yazan psixoloqun həbsini tələb edir


M.İbrahimov
M.İbrahimov

Milli Qəhrəman Mübariz İbrahimov haqqında fikirlərinə görə tənqid hədəfinə çevrilən psixoloq Nərmin Şahmarzadə haqqında cinayət təqibi başlanıb. Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. N.Şahmarzadə təqsirləndirilən şəxs qismində tanınıb.

Mayın 8-də məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında qaldırılmış iddianın icraata qəbul edilib baxılmasına qərar verilib. N.Şahmarzadənin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən iddiaçılar isə üç nəfərdir - Şamama İbrahimova, Araz MusayevRamil Rüstəmov. Onlar M.İbrahimov haqqında fikirlərinə görə psixoloqa 3 il həbs cəzası verilməsini istəyirlər.

Adları çəkilən iddiaçılardan R.Rüstəmov vəkildir, 14 saylı vəkil bürosunun üzvüdür. A.Musayev FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kikboksinq üzrə dünya və Avropa çempionudur. Ş.İbrahimova isə Milli Qəhrəmanın anasıdır.

N.Şahmarzadənin sosial şəbəkələrdə M.İbrahimov haqqında fikirlərinə görə məhkəmə çəkişməsi ötən ilin dekabrından gedir. Bir neçə dəfə Xətai Rayon Məhkəməsi sənəd çatışmazlığı və başqa əsaslarla iddiaya baxmaqdan imtina edib. İddiaçı tərəf o qərarlardan şikayət verib.

Sonuncu dəfə Xətai Rayon Məhkəməsi aprelin 1-də bu iş üzrə qərar verərək, adları çəkilən üç nəfərin xüsusi ittiham qaydasında verdikləri şikayətləri icraata götürməkdən imtina edib. Ancaq Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzov aprelin 10-da bu qərarı ləğv edərək, yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə qaytarıb. Hazırda həmin qərar əsasında bu işə yenidən baxılır.

Məhkəmə baxışı mayın 15-nə təyin edilib.

Əvvəlki məhkəmə işlərində iddiaçı qismində ancaq vəkil və idmançı çıxış edirdi, Ş.İbrahimova sonradan qoşulub.

N.Şahmarzadə
N.Şahmarzadə

Mayın 8-də keçirilən məhkəmədən sonra N.Şahmarzadə sosial şəbəkələrdə video paylaşıb. O bildirir ki, hazırlıq iclasından sonra binadan çıxarkən M.İbrahimov haqqında sərbəst şəkildə fikrini ifadə etdiyinə görə məhkəmə işçilərindən biri onu təhqir edib. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə əməkdaşlarından kömək istəsə də, ona heç bir məlumat verilməyib. Psixoloq deyir ki, məcbur olub, konkret kimliyini bilmədən, məhkəmə binasında təhqir olunmasıyla əlaqədar ərizə yazaraq, dəftərxanaya təqdim edib: «Bu ölkədə günbəgün hüququn aliliyinə inamım itir».

Xatırlatma

Psixoloq N.Şahmarzadənin ötən ilin dekabrında Milli Qəhrəman M.İbrahimov barədə Facebook səhifəsində yazdığı status qalmaqal yaradıb. O, «döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır» yazıb. Dekabrın 17-də Facebook profilində canlı yayımda N.Şahmarzadə milli qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib: «Milli Qəhrəman Mübariz İbrahimovun atasını videoya çəkiblər. Ona düzgün məlumat verməyiblər. Mən heç kəsin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videoda elə sözlər yoxdur. Mənim çəkdiyim videoda şərəf və ləyaqəti alçaltmadan söz gedə bilməz. Əgər valideynləri bu şəkildə başa düşüblərsə, onlardan üzr istəyirəm».

Gənc xanım Facebook profilində statusu yazandan sonra üzləşdiyi münasibətdən də söz açıb: «Bu gün bir şeyi dərindən anladım ki, kütlə çox qəddardır: üstümə yanan siqaret tullayanlar, taksinin şüşələrini döyüb «vətən xainini maşınından düşürt» deyənlər, yumruğunu göstərənlər, qabağımı kəsənlər, məni müdafiə edənləri döyənlər və s. Artıq dərəcədə xahiş edirəm, müdafiə etməyin, yoxsa hədəfi sizə yönəldəcəklər».

Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. 22 yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XS
SM
MD
LG