Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:07

Trump ‘əmindir’ ki, İran ‘tezliklə’ danışıqlara gedəcək


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump deyir ki, Tehranın Vaşinqtonla “tezliklə” danışıqlara gedəcəyindən əmindir. O, administrasiyası daxilində İran siyasəti üzrə fikir ayrılığı olduğunu iddia edən media məlumatlarını təkzib edib.

“Əminəm ki, İran tezliklə danışıq istəyəcək”, – Trump mayın 15-də Twitter-də yazıb, ancaq detalları açıqlamayıb.

Trump mayın 9-da deyirdi ki, İranla hərbi qarşıdurmanı istisna etmir. Ancaq onu da əlavə edirdi ki, “Onların mənə zəng etməsini istəyirəm”.

İran liderləri isə cavabında Vaşinqtonla hər hansı danışıqları rədd elədi.

Ötən həftə Birləşmiş Ştatlar Yaxın Şərqə təyyarədaşıyan gəmi qrupu göndərdiyini bildirib, bunu İranın Amerika və müttəfiqlərinin qüvvələrinə yaratdığı təhdidlərlə izah edib.

Tehran isə bu məlumatları “psixoloji müharibə” adlandırıb.

Prezident Trump ötən il Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. O vaxtdan tərəflər arasında gərginlik artıb.

Mohammad Javad Zarif (solda) və Yaponiyanın Baş naziri Shinzo Abe
Mohammad Javad Zarif (solda) və Yaponiyanın Baş naziri Shinzo Abe

Trump-ın fikrincə, bu saziş İranın nüvə silahları hazırlamasını önləməyə yetərli deyil, İranın raket proqramını, Tehranın regiondakı yaraqlılara “dəstəyini” əhatələmir.

İran yaraqlıların fəaliyyətini dəstəkləmədiyini deyir, nüvə proqramının sırf mülki enerji məqsədi daşıdığını bildirir.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif mayın 16-da Tokioya səfəri zamanı deyib ki, Tehran ABŞ-ın nüvə sazişindən çıxmasına baxmayaraq, “maksimum təmkin” göstərir. O, Vaşinqtonu böhranı “qəbuledilməz” dərəcədə qızışdırmaqda suçlayıb.

Həm İran, həm də Birləşmiş Ştatlar müharibə istəmədiklərini dilə gətiriblər.

Trump İrana qarşı gücləndirilmiş ritorikasından dolayı guya Ağ evdə narazılıq yaranmasını iddia edən medianı sərt tənqid edib.

“Saxta xəbərli Washington Post və ondan da saxta xəbərli New York Times yazırlar ki, mənim Yaxın Şərqdə güclü siyasətimdən dolayı çəkişmə var. Heç bir çəkişmə yoxdur”, – o, Twitter-də yazıb.

“Fərqli fikirlər ifadə olunur və qətiyyətli yekun qərarı mən verirəm – bu, çox sadə bir prosesdir”, – prezident əlavə edib.


XS
SM
MD
LG