Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:25

Azərbaycan XİN erməni əsgərin ölümü ilə bağlı Yerevanın bəyanatına cavab verdi


Leyla Abdullayeva
Leyla Abdullayeva

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Leyla Abdullayeva qeyd edib ki, bölgədə yaşanan gərginliyin, “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edən Ermənistandır:

“Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir.”

Leyla Abdullayevanın fikrincə, Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır:

“Əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir”.

Mətbuat katibi vurğulayıb ki, Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqeləri atəşə tutularaq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri yaralanıb:

“Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan, digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşınqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin danışıqların davam etdirildiyini bəyan etmişdi”.

Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi:

“Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırılması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaqdır”.

Cəbhədə nələr baş verir?

Bu gün, iyulun 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) açıqlama yayaraq Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə yenidən təxribat olduğunu açıqlayıb.

DSX-nin açıqlamasında bildirilir ki, iyulun 28-də saat 22:00 radələrində döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri növbəti dəfə atəşə tutulub.

Qurumun bildirdiyinə görə, snayperlərdən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

DSX vurğulayırdı ki, snayperlərə cavab verilib.

İyulun 27-də də DSX oxşar açıqlama yaymışdı. Həmin açiqlamada da vurğulanırdı ki, qarşı tərəfin snayperləri Azərbaycan mövqelərindən arxa istiqamətdə hərəkətdə olan «KamAZ» markalı hərbi yük maşınını atəşə tutublar, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

Anna Nagdalian
Anna Nagdalian

Bundan əvvəl iyulun 29-da Ermənistan XİN-in sözçüsü Anna Nagdalian bildirmişdi ki, “Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması Bakının Vyana sammiti zamanı götürdüyü öhdəliklərin pozulması deməkdir”:

“Azərbaycan tərəfindən atəşkəs rejiminin niyyətli və təxribatçı tərzdə pozulması bu il martın 29-da Vyanada keçirilən sammit zamanı iki ölkə başçısı səviyyəsində təsbit olunmuş öhdəliklərə ziddir”.

Anna Nagdalian habelə bildirib ki, atəşkəsin pozulması iyunun 20-də Vaşinqtonda Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanata ziddir.

Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə əməl etməyə və təmas xəttində snayperlərdən istifadə də daxil təxribatçı hərəkətlərdən çəkinməyə çağırırdılar.

Ermənistan XİN bundan əvvəl bildirmişdi ki, Azərbaycan silahlı qüvvələri iyulun 27-28-də Ermənistan dövlət sərhədinin şimal-şərq hissəsində snayperlərin iştirakilə təxribatçı hərəkətlərə yol veriblər.

Bu hərəkətlərin nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Arman Bulgadaryanın öldüyü və daha iki erməni əsgərin yaralandığı xəbər verilirdi.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son yüksək səviyyəli görüş bu il iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində gerçəkləşib.Orada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyrovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.

XS
SM
MD
LG