Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:18

Kitab nəşrində 'tarixi rekord' qırılıb


Kitablar
Kitablar

Türkiyənin «Anadolu» xəbər agentliyi bu ilin iyul ayı üçün aylıq kitab istehsalının bütün zamanların rekordunu qırdığını yazır.

Kitab nəşri ilə məşğul qurumların iyul ayı üçün kitab tələbatı əvvəlki aya nisbətən 62% artıq olub. Ümumilikdə iyulda tələb olunan kitabların sayı 55 milyon 121 min 271 olub.

Türkiyə kitab naşirlərinin həmkarlar ittifaqları federasiyasının (YAYFED) idarə heyətinin sədri Münir Üstün agentliyə açıqlamasında 2018-ci ildəki satış tələbatının 410 milyon 641 min 305 olduğunu xatırladıb.

M.Üstün bu ilin əvvəlindəki sayların daha kiçik olduğunu diqqətə çatdırıb. «Köhnə rəqəmlərlə başladıq və həqiqətən 3 ay ərzində qanımız qaraldı. Sonra yavaş-yavaş …mayla birlikdə müsbət rəqəmlərə keçdik», – o deyib.

«Gələcəyimizi təminat altına alarıq»

Kitab istehsalında sonuncu dəfə 2018-ci ilin sentyabrında 53 milyon ədəd kitabla rekord qırıldığını deyən M.Üstün hazırkı rəqəmlərdən çox məmnun olduğunu bildirib. «2019-cu ilin iyulu [bizə] böyük bir sürpriz etdi və 55 milyon 121 min 271 ədəd kitabla bütün zamanların rekordunu qırdıq. Buna görə çox xoşbəxtik», – o deyib.

M.Üstün rekord sayının oxucular, yazıçılar, kitab satıcıları və sektorun digər iştirakçılarının xidməti olduğuna diqqət çəkib. «Kitab istehsal etmək, kitab satışı və oxuculuğun hər biri ayrıca bir mədəniyyətdir. Oxu mədəniyyəti bu sahəyə xidmət baxımından son dərəcə təşviqedici bir inkişafdır. Oxu mədəniyyəti inkişaf edərsə, ölkə inkişaf edər. Gələcəyimizi təminat altına alarıq», – o, əlavə edib.

Bu hadisənin sektoru daha da həvəsləndirəcəyini vurğulayan M.Üstün daha sonra bunları deyib:

«Yeni dövrə çox yüksək bir əhvalla başlamamıza motivasiya verəcək gözəl bir hadisədir. Sentyabrdan addım-addım yüksələn kitab sektoru hamımıza ümid verəcək. İşlərimizə …gözəllik qatacaq. Yaxşı kitablar nəşr edib oxucularımıza çatdıracağıq».

M.Üstün Türkiyə kitab çapı sektorunun beynəlxalq aləmdəki yerindən də danışıb.

«Türkiyə dünya kitab çapı sektorunda 16-cı yerdədir. Türk naşirlər olaraq keçən illərdə 11-ci yerdəydik. Valyuta məzənnələrinin yüksəlməsi səbəbindən birdən-birə 5 sıra gerilədik. Yenidən ilk 10-luğa düşmək üçün qətiyyətlə çalışırıq. Yeni başlıqlar sayında dünya altıncısıyıq. Biz naşirlərə dəstək verilsə, Cənubi Koreya və Tunis modelində olduğu kimi, təşviq və faiz endirimləri edilsə, ölkəmizi en yüksək nöqtələrə çıxarar, qürur yaşayar və yaşadarıq», –o bildirib.

Akademik nəşrlər azalır

Türkiyə Naşirlər Birliyinin saytında verilən məlumata görə, araşdırma-təhlil, ədəbiyyat və uşaq nəşrlərini əhatələyən mədəniyyət sahəsi 75 milyon 723 min 311 ədəd kitabla 2019 ilin 7 aylıq ümumi kitab çapının 35.28%-ni təşkil edib, ancaq 2018 ilin 7 aylıq ümumi çap səviyyəsinə görə 12.13%-lik azalma müşahidə olunub.

Araşdırma-təhlil kitabları keçən ilin 7 aylıq kitab çapı ilə müqayisədə 6.74% azalıb və ümumi kitab istehsalının 19.55%-ni təşkil edib.

Ədəbiyyat kitabları isə keçən illə müqayisədə 3.04%-lik azalma ilə ümumi istehsalın 6.54%-ni təşkil edib.

Akademik nəşrlərinsə hər il get-gedə daha çox azaldığı bildirilir. Bu sahədə yenidən 2.26%-lik azalma qeydə alınıb. Akademik nəşrlər ümumi kitab çapının cəmi 1.06%-ni təşkil edir.

Ötən il milli valyutanın ucuzlaşması həqiqətən kitab çapına ciddi təsir göstərmişdi. Əksər nəşriyyatlar məhsullarının qiymətini azı 30% qaldırmalı, bir çox nəşrlərin çapını isə, ümumiyyətlə, dayandırmalı olmuşdular. Bu, ilk növbədə kitab çapı üçün zəruri kağızın bahalaşması ilə bağlı idi.

Naşirlər həm kağız, həm də çap hüquqlarının satın alınmasının çətinləşdiyini deyirlər. Bəzi nəşr evləri çap hüquqlarının alınmasını dayandıraraq, icazəsi daha öncədən alınmış başlıqlara fokuslanıb.

XS
SM
MD
LG