Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

Hüseyn Abdullayevin anası: 'Bizi aldatdılar'


H.Abdullayev
H.Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birlikdə mühakimə olunan daha 7 nəfərin işi ilə bağlı məhkəmə istintaqı aylar öncə yekunlaşıb. Prokuror çıxış edib, onlara cəza istəməlidir. Hər dəfə məhkəmə iclası təyin edilir, amma keçirilmir.

Sentyabrın 4-də də belə olub. Məlum olub ki, sabiq deputatı məhkəməyə gətirməyiblər.

Z.Abdullayeva oğlunun gətirilməməsinə etiraz edib. Ağlayaraq narazılığını bildirən Z.Abdullayeva oğlunu görməkdən ötrü özünün də həbs olunmasını istəyib: «Bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik olmaz axı. Bizi hər dəfə çağırıb bura yığırsız. Niyə? Mən hər dəfə oğlumu görmək üçün bura gəlirəm, amma onu gətirmirlər. Açın, məni də bura (məhkəmə zalındakı dəmir qəfəs-red.) salın...».

Bu iş üzrə təqsirləndirilən dörd nəfər həbsdədir, qalan beş nəfərin haqqında isə ev dustaqlığı və başqa qətimkan tədbirləri seçilib. H.Abdullayevlə yanaşı, həbsdəki digər təqsirləndirilənlər də gətirilməyib.

Sabiq deputatın anası deyir ki, oğlunun heç bir günahı yoxdur: «Nə olubsa, mənlikdir. Mən oğlumu görməsəm, gedən deyiləm. Bizi aldatdılar, bizdən istifadə etdilər...».

Məhkəmə sentyabrın 19-na təyin edilib.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb. Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib. Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayev ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

XS
SM
MD
LG