Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:34

Moskva repressiyadan ‘geri çəkilir’ – Qərb mediası


Moskvada 10 avqust etirazı
Moskvada 10 avqust etirazı

Moskvada iki aydır gedən etirazlarla bağlı sərt mövqe tutmuş Rusiya hakimiyyəti sanki qırmızı xətləri müəyyənləşdirməyə başlayıb. Doğrudur, hakimiyyətə ən yüngül fiziki müqavimət belə sərt cəzalandırılır, ancaq güc strukturları artıq cinayət işlərini açıq şəkildə saxtalaşdırmağı dayandırıblar – cəmiyyət naminə deyil, bu, prezidenti narahat etdiyi üçün. “Karnegi” fondunun saytında Tatiana Stanovaya repressiya səviyyəsinin azaldığını yazır. Prezidentə yaxın elitanın sivil qisminin narazılığının da səngidiyini söyləmək olar, onlar “silovik”lərin status kvonu dəyişmək cəhdlərindən narahat idilər.

Rusiyanın İstintaq Komitəsi bu həftə etirazlara qatılmış beş nəfərə iğtişaş ittihamlarını ləğv edib. Daha iki şübhəli isə ev dustaqlığına buraxılıb. Elə həmin gün məhkəmələr güc strukturları əməkdaşlarına qarşı zorakılıqda təqsirli bilinənlərə həbs cəzaları kəsməyə başlayıb.

“Elə görünür, avqustun ortalarında hakimiyyətin etirazlara qarşı repressiv reaksiyasını formalaşdırmış böhranın forması dəyişir. 2012-ci ildə Moskvanın Bolotnaya meydanındakı etirazlardan sonrakı kütləvi təqiblər səngiyir, ancaq yenə də, hakimiyyət təhlükəsizlik xidmətlərinə qarşı zorakılıqdan istifadəni bağışlamağa hazır deyil”, – müəllif yazır.

Moskvada Duma seçkilərinə müstəqil və müxalifət namizədlərinin buraxılmamasına etirazlar iyulun sonunda- avqustu əvvəlində başlayıb. Müəllif yazır ki, Rusiya hakimiyyətinin hər bir strukturu bu etirazlarla mübarizəyə qoşulub, kampaniyanın müxtəlif aspektləri ortaya çıxıb.

Birincisi, xarici təsirdən danışmağa başlayıblar. Rusiya parlamentinin hər iki palatası, Xarici İşlər Nazirliyi bu mövzunu ortaya atıb. İkincisi, müxalifətə divan tutulub, liderləri həbs olunur, evlərində axtarış aparılıb və sairə.

“Ancaq hakimiyyət hələlik, müxalifət liderlərinə uzunmüddətli həb cəzaları kəsməyib və bu, prezidentin yaxın ətrafında da ən bölücü məsələlərdən birinə çevrilib. Siloviklər sivil xətt tərəfdarı olan həmkarlarının aşırı yumşaq münasibətindən açıq şəkildə qıcıqlanıblar. Belə bir şayiə də yayılıb ki, Prezidenti Vladimir Putin şəxsən müxalifət lideri Alexei Navalny-nin uzun müddətə həbsə salınmasına qarşıdır, çünki onun qəhrəmana çevriləcəyindən ehtiyatlanır. Di gəl, hakimiyyət onu və müttəfiqlərini seçkiyə buraxmağa da hazır deyil”, – məqalədə deyilir.

Üçüncü aspektsə sıravi etirazçıların kütləvi təqibidir. İğtişaş və hakimiyyətə qarşı zorakılığa görə ittiham olunanların demək olar hamısı “siloviklər”in təsadüfən seçdiyi sıravi şəxslərdir, onların Moskvadakı etiraz hərəkatına görə kollektiv məsuliyyət daşıması istənilir.

XS
SM
MD
LG