Zimbabvenin keçmiş prezidenti Robert Mugabe Sinqapurda 95 yaşında dünyasını dəyişib. “Reuters” agentliyi onun Afrikanın xilaskarı, irqlərarası barışığın təbliğatçısı kimi hakimiyyətə gəldiyini yazır. Ancaq 40 il sonra həm ölkədə, həm də xaricdə onu hakimiyyət düşkünü avtokrat kimi pisləyirdilər. O, 2017-ci ilin noyabrında özünün silahlı qüvvələri tərəfindən hakimiyyətdən devrilib.
Ancaq Mugabe onda da inadkarlıq göstərdi, özünün ZANU-PF partiyasından qovulmasını qəbul etmədi, de-fakto hakimiyyət çevrilişindən sonra hakimiyyət onun impiçmentinə başladı.
13 milyonluq ölkənin onun istefasını bayram etməsini isə Mugabe partiyası və xalqının “qeyri-konstitusion və alçaldıcı” xəyanət hərəkəti hesab elədi.
Ömrünün son günlərini Sinqapurda keçirən xəstə Mugabe vaxtilə başında durduğu siyasi səhnəni kənardan izlədi və hakimiyyətdən getməsinin acısı canından çıxmadı.
2018-ci ilin iyul seçkisi ərəfəsində o, jurnalistlərə müxalifətə səs verəcəyini demişdi, bir neçə ay qabaq belə bir şey ağla gəlməzdi.
Təhsilli və şəhər adamı olan Mugabe 1980-ci ildə, yeddi illik azadlıq hərəkatı nəticəsində hakimiyyətə keçib. Britaniyadan müstəqillik əldə edəndən sonra o, Zimbabvenin ilk lideri idi.
2000-ci ildə iqtisadiyyatda, eləcə də özünün zehni və fiziki səhhətində problemlər yarananda Mugabe-nin ətrafında inanılası çox az adam vardı. O zaman o, hakimiyyəti həyat yoldaşı, özündən 40 yaş kiçik Grace-ə ötürməyə çalışırdı. Tənqidçiləri dəbdəbəli alış-veriş həvəsinə görə ona “Gucci Grace” ləqəbini vermişdilər.
“Bu, gənc ölkənin tarixində çox ağrılı və kədərli bir fəslin sonudur, qocalan diktator idarəçiliyi həyat yoldaşının ətrafındakı oğrular bandasına təslim etmişdi”, – Zimbabvenin nüfuzlu azadlıq müharibəsi veteranlarının lideri Chris Mutsvangwa Mugabe devriləndən sonra “Reuters”ə demişdi.
2007-ci ildə yayılmış WikiLeaks teleqramlarında ABŞ-ın Hararidə ovaxtkı səfiri Christopher Dell geniş yayılmış bir fikri qeyd edirdi: “Düşmənin haqqını yeməyək, o, parlaq taktikdir”.