Bu gün – sentyabrın 20-də bir çox ölkələrdə iqlim dəyişikliyinə qarşı tədbir görülməsinə çağıran etirazlar keçirilir. BMT-nin Nyu Yorkda gözlənən sammiti öncəsi bu etirazlara onminlərlə adam qoşulub.
“The Associated Press” xəbər verir ki, “qlobal iqlim tətili” adıyla ilk etirazlar Avstraliyanın ən böyük şəhəri olan Sidneydə, eləcə də paytaxtı Kanberrada keçirilib. Nümayişçiləri dünyanın ən böyük kömür və maye təbii qaz ixracatçısı olan ölkələrini atmosferə karbon tullantılarını azaltmağa çağırıblar.
Təşkilatçılar Avstraliyada küçələrə 300 mindən çox etirazçının çıxdığını bildirir. Bu, 2003-cü ildə İraq müharibəsi başlanandan bəri ən böyük nümayiş sayılır.
Cümə günü Birləşmiş Ştatlarda 800-dən çox tədbir planlaşdırılıb. Almaniyada isə 400-dən çox yürüş keçirildiyi bildirilir.
Dünyanın ən çox çirklənmiş şəhərlərindən sayılan Nyu Dehlidə onlarla tələbə, ətraf mühit fəalı “İqlim dəyişikliyi üzrə hərəkət istəyirik”, “Təmiz nəfəs almaq istəyirəm” şüarları səslənib.
Oxşar etirazlar Tailandda, bütün yayı demokratiya tələbilə silkələnmiş Honq Konqda da baş tutub.
Etirazların bir motivasiya mənbəyi isveçli yeniyetmə Greta Thunberg-in son bir ildə hər həftə keçirdiyi etirazdır. O, “Gələcək naminə cümələr” (“Fridays for Future”) plakatı qaldıraraq dünya liderlərini iqlim dəyişikliyinə qarşı tədbirləri gücləndirməyə səsləyib. Onun ardıclıları əsasən tələbələrdir, ancaq hərəkat artıq vətəndaş cəmiyyəti qrupları arasında da yayılıb.
Martda da dünyanın ayrı-ayrı yerlərində oxşar etirazlar təşkil olunmuşdu.