Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:58

NYT: İmpiçment araşdırması necə aparılır


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelocy Prezident Donald Trump-a qarşı impiçment araşdırmasına göstəriş verib. Buna Trump-ın 2020-ci il seçkisində demokratlardan potensial rəqibi Joe Biden-i araşdırmaqdan ötrü Ukraynaya təzyiq göstərməsi haqda söylənənlərdir.

“The New York Times” qəzeti impiçment prosesinin necə baş verməsindən yazır.

Konstitusiyaya görə, prezident “xəyanət, rüşvətxorluq, yaxud başqa xüsusi ağır cinayətlər və nalayiq hərəkət” səbəbindən vəzifədən kənarlaşdırıla bilər. İndiyədək iki prezident – 1868-ci ildə Andrew Johnson və 1998-ci ildə Bill Clinton impiç olunub. Ancaq onların ikisi də sonucda bəraət alıb və vəzifə müddətlərini başa vurublar. Richard M. Nixon isə impiçment olunmamaqdan ötrü 1974-cü ildə istefa verib.

“Xüsusi ağır cinayət” nə deməkdir

“Xüsusi ağır cinayət” yüksək rütbəli məmurun hakimiyyətdən sui-istifadəsi deməkdir. Bu heç də mütləq cinayət məcəlləsinin pozulması olmaya da bilər.

“Reuters” agentliyi yazır ki, konstitusiyada konkret nəyin nəzərdə tutulduğu aydın deyil. Tarixən korrupsiya və ictimai etimaddan digər formada sui-istifadəni əhatələyib.

Bir çox hüquq şərhçilərinin fikrincə, xarici liderə ABŞ-da seçkiyə müdaxilədən ötrü təzyiq göstərməyi bu ölkənin qurucuları impiçment olunası pozuntu sayardı.

Həm Nixxon, həm də Clinton məsələsində Palatanın Ədliyyə Komitəsi əvvəlcə araşdırma apardı və impiçment maddələrini Palataya tövsiyə etdi. Palata bu maddələri səsverməyə çıxaranda azı birinə çoxluq səs verirsə, prezident impiç olunur – bu, ittiham irəli sürülmək deməkdir.

Sonra prosedur Senata keçir və Ali Məhkəmənin baş hakiminin sədrliyi ilə məhkəmə qurulur.

Palata üzvlərindən ibarət komanda prokuror rolunda çıxış edir. Prezidentin vəkilləri olur, Senat isə jüri rolunu oynayır.

Senatorların azı üçdə ikisi prezidenti təqsirli hesab eləsə, o, vəzifəsindən kənarlaşdırılır və vitse-prezident prezidentin səlahiyyətlərini icra etməyə başlayır. Bu qərardan şikayət verilə bilməz.

Bəs hal-hazırda impiçment prosesi necə həyata keçirilə bilər, mümkün ssenarilər hansılardır?

Nümayəndələr Palatasının altı komitəsi Prezident Trump-la bağlı araşdırma aparacaq və güclü dəlilləri Ədliyyə Komitəsinə göndərəcək.

Dəlillər hansısa pozuntuya yol verildiyini sübut etməyə yetmirsə, Trump vəzifəsində qalır.

Dəlillər yetərli sayılarsa, Palata impiçmentin bir yaxud, daha artıq maddəsi üzrə səsvermə keçirir. Hazırda Palataya demokratlar nəzarət edir.

Palata üzvlərinin əksəriyyəti impiçmentə səs verir və Trump impiç olunur. Çoxluq səs vermirsə, prezident vəzifəsində qalır.

İmpiçment maddələri Senata göndərilir və orada məhkəmə qurulur. Hazırda Senatda çoxluq respublikaçıların əlindədir.

Məhkəmədən sonra səsvermə keçirilir.

Senatorların üçdə ikisi prezidentin impiçmentinin əleyhinə səs verirsə, Trump vəzifədə qalır.

Üçdə ikisi məsələnin lehinə səs verirsə, prezident vəzifəsindən kənarlaşdırılır.

XS
SM
MD
LG