Prezident Hassan Rohani deyir ki, İran Avropa ölkələrinin nüvə sazişini möhkəmləndirmək planını dəstəkləyir.
Tehranda hökumətin həftəlik iclasında danışan Rohani deyib ki, Fransa Prezidenti Emmanuel Macron-un irəli sürdüyü plan İranın nüvə silahı əldə etməsini önləməyi, regionda sülhə dəstəyi təmin etməyi, ABŞ sanksiyaları qaldırmağı, İranın neft ixracının dərhal bərpasını nəzərdə tutur.
“Avropalıların ümumi planıyla razıyıq”, – Rohani vurğulayıb.
2015-ci ildə İranla nüvə sazişini imzalamış Fransa, Britaniya və Almaniya Tehranı sənədlə bağlı yeni danışıqlara çağırırlar.
“Yol yenidən açılıb”
Ancaq bu arada Tehranla Vaşinqton arasında gərginlik qalmaqdadır. ABŞ Prezidenti Donald Trump ötən il sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib. İranın neft ixracı məhdudlaşdığından ölkəyə iqtisadi təzyiq artıb.
Rohani deyib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb.
“Yol bağlanmayıb, yenidən açılıb”, – deyən Rohani planlarda və danışıqlarda İran xalqının hüquqlarının nəzərə alınmalı olduğunu vurğulayıb.
Xarici işlər naziri Mohammad Javad Zarif isə oktyabrın 2-də dövlət televiziyasına deyib ki, Macron-un irəli sürdüyü dörd bəndlik planda İranın mövqeyinin nəzərə alınmamasına baxmayaraq, “danışıqlar dəqiqliklə davam etməlidir. Kommunikasiyaları davam etdirəcəyik”.
Ayrıntıları açıqlamayan Zarif Yaponiyanın Baş naziri Shinzo Abe-nin də cəhdlər göstərdiyini qeyd edib.