Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:43

Erdogan ‘Trump-ın məktubunu zibilə atıb’


Recep Tayyip Erdogan (ortada) Bakıdan qayıdarkən təyyarədə jurnalistlərin əhatəsində, 15 oktyabr, 2019-cu il
Recep Tayyip Erdogan (ortada) Bakıdan qayıdarkən təyyarədə jurnalistlərin əhatəsində, 15 oktyabr, 2019-cu il

Kremlin sözçüsü Dmitry Peskov oktyabrın 17-də deyib ki, Trump-ın məktubdakı tonu onu təəccübləndirib.

“Dövlət liderləri kommunikasiya zamanı belə dildən istifadə etmirlər. Bu, çox qeyri-adi məktubdur”, – Peskov vurğulayıb.

Bu arada Almaniyanın kansleri Angela Merkel Türkiyəni Suriyada hərbi əməliyyatı dayandırmağa çağırıb. Merkel oktyabrın 17-də parlamentdə deyib ki, hücum Rusiya və İranın regionda rolunu möhkəmləndirir və bunun fəsadlarını “bu gün söyləmək çətindir”.

Kanslerin sözlərinə görə, hərbi əməliyyat nəticəsində “onminlərlə adam evindən didərgin düşür və onların içində minlərlə uşaq var”. Merkel bunu “böyük geosiyasi fəsadlar verəcək humanitar dram” adlandırıb.

Angela Merkel və Viktor Orban
Angela Merkel və Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban isə Budapeştdə deyib ki, Türkiyə qaçqınlar üçün Balkanlardan Avropaya qapıları açmaq hədəsini yerinə yetirərsə, ölkəsi Serbiya ilə cənub sərhədində “gücdən istifadə etməli” olacaq.

Orban 2015-ci ildə Serbiya ilə sərhəddə polad sədd çəkib, məqsəd suriyalı qaçqınların Balkan marşrutunu bağlamaq idi. O vaxtadək yüzminlərlə qaçqın münaqişədən qaçaraq Qərbi Avropaya üz tuturdu.

Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır. Ankara bildirir ki, AB onun Suriyanın şimal-şərqinə müdaxiləsini mənfi qələmə versə, qaçqınların Avropaya getməsinə icazə verə bilər.

“Türkiyənin bu adamlarla neyləyəcəyi gələn həftələr ərzində bilinəcək”, – Orban HirTV-yə müsahibəsində deyib.

Orbanın millətçi hökuməti Rusiya, Türkiyə və Çinlə sıx münasibətlər qurub.

Erdogan gələn ayın əvvəlində Budapeştə getməlidir.

***

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ABŞ Prezidenti Donald Trump-ın məktubunu “zibil qabına” atıb. Xəbəri BBC yayıb.

BBC Türkiyə prezidentinə yaxın mənbələrdən öyrənib ki, Erdogan məktubu “tamamilə rədd edib”.

“Gəl yaxşı saziş əldə edək! Minlərlə adamın qətli üçün məsuliyyət daşımaq istəməzsən, mən də Türkiyə iqtisadiyyatını dağıtmaq üçün məsuliyyət daşımaq istəmirəm”, – Trump məktubunda yazıb.

“Prezident Erdogan məktubu qəbul etdi, onu tamamilə rədd edərək zibil qutusuna atdı”, – mənbələr deyib.

***

Trump Erdogan-a məktubunda nə yazıb

Mike Pompeo təyyarədə jurnalistlərə deyib ki, “bizim missiyamız atəşkəsə nail olmaq, buna vasitəçilik etməkdir”. Pence və Pompeo Türkiyəyə ayrı-ayrı təyyarələrdə yola düşüblər.

Donald Trump-ın Erdogan-a məktubu
Donald Trump-ın Erdogan-a məktubu

Türkiyə Suriyadakı kürd döyüşçüləri qadağan etdiyi PKK-nın qanadı sayır. PKK 1980-ci illərdən Türkiyədə muxtariyyət uğrunda vuruşur. Ankara, Vaşinqton, Avropa Birliyi PKK-nı terrorçu təşkilat sayır.

Trump Vaşinqtonda onu da deyib ki, PKK İslam Dövlətindən “terror məsələsində daha pisdir və daha artıq terror təhdidi yaradır”.

Trump əlavə edib ki, kürdlər “vuruşmağı bilirlər və dediyim kimi, mələk deyillər. Baxsanız görərsiniz ki, mələk deyillər”.

Oktyabrın 16-da yayılmış məktubunda isə Trump Erdoganı həm dilə tutur, həm də təhdid edir, onu Suriyada ancaq “düzgün və insani davranmağa” çağırır.

Oktyabrın 9-da – Türkiyənin əməliyyatı başlatdığı günü göndərilmiş məktubda Trump türkiyəli həmkarına yazır ki, “Tərslik eləmə. Səfeh olma”. Onu Suriya kürdlərinin lideri ilə qarşılıqlı faydalı anlaşmaya çağırır.

***

Trump hərbçilərin Suriyanın şimalından çıxarılmasını müdafiə edir

ABŞ Prezidenti Donald Trump Suriyanın şimalından hərbçilərin çıxarılmasını müdafiə edib və danışıqlar alınmasa, Ankaranı “məhvedici” sanksiyalarla hədələyib. Qeyd edək ki, ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti hazırda Türkiyədədir.

Nancy Pelosi (solda) və Donald Trump
Nancy Pelosi (solda) və Donald Trump

Trump inanır ki, Vitse-prezidenti Mike Pence və Dövlət katibi Mike Pompeo Türkiyədə “uğurlu görüş” keçirəcəklər. Nümayəndə heyətinin Suriyada atəşkəsə nail olmağa çalışacağı bildirilir.

Ankara sözügedən ərazini kürd qüvvələrdən təmizləmək, orada suriyalı qaçqınlar üçün bufer zonası yaratmaq məqsədilə əməliyyat başladıb.

Danışıqlar alınmasa, “sanksiyalar, tariflər, bizim etdiyimiz və edəcəyimiz digər şeylər Türkiyə iqtisadiyyatı üçün məhvedici olacaq”, – Trump Vaşinqtonda İtaliya Prezidenti Sergio Mattarella ilə birgə mətbuat konfransında deyib.

Trump ötən həftə Suriyanın şimalından minədək ABŞ əsgərinin çıxarılmasıyla bağlı qərarını “strateji parlaq” adlandırıb. Onu da əlavə edib ki, Rusiya Türkiyəylə münaqişədə Suriyaya kömək edərsə, buna etirazı yoxdur.

Elə həmin gün Nümayəndələr Palatası qətnamə qəbul edərək Trump-ın Suriyadan qüvvələri çıxarmaq qərarını pisləyib. Qətnaməyə 354 konqresmen səs verib, onların içində respublikaçılar partiyasından 129 nəfər olub.

Demokratlar görüşü tərk ediblər

Palatanın spikeri, Demokrat Nancy Pelosi-nin sözlərinə görə, bu nəticə Trump-ı qəzəbləndirib. Trump bunu qətnamənin qəbulundan sonra palatanın respublikaçı və demokrat üzvləri ilə qapalı görüşdə büruzə verib, Pelosi jurnalistlərə deyib. Toplantının məqsədi prezidentin Suriya planlarını nəzərdən keçirmək olub.

Əvəzində isə bu görüş demokratlarla kəskin söhbətlə sonuclanıb, “Reuters” müzakirələrə qatılmış bir neçə konqresmenə istinadla yazır ki, Trump demokratlara qarşı “aşağılayıcı” ifadələrdən istifadə edib.

Görüşdə Trump Pelosi-ni “üçüncü dərəcəli siyasətçi” adlandırıb və bundan sonra o və digər demokratlar görüşdən çıxıblar.

“Biz prezident tərəfindən deqradasiyanın şahidi olduq. Bunu demək kədərlidir”, – Pelosi vurğulayıb.

ABŞ hərbçilərini çıxarandan sonra Vaşinqtonun vaxtilə dəstəklədiyi kürdlər Suriya Prezidenti Bashar al-Assad və onun müttəfiqi Rusiyayla yaxınlaşmağa başlayıblar. Rusiya artıq ölkənin şimalına keşikçi qüvvələrini göndərir.

“The Associated Press” agentliyinin oktyabrın 16-da yazmasına görə, Suriya qüvvələri strateji sərhəd Kobani şəhərinə girməyə başlayıblar. Vaxtilə ABŞ ordusu kürd döyüşçüləri ilə birlikdə İslam Dövləti silahlılarını bu şəhərdən çıxarıb.

Pompeo və Pence-nin Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la görüşüb-görüşməyəcəyi bəlli deyil. Erdogan indiyədək Suriyada atəşkəs təkliflərini rədd edib.

XS
SM
MD
LG