Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:12

Putin Erdoğanla “mühüm” qərarlar qəbul edildiyini deyir


Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin görüşdən sonra
Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin görüşdən sonra

Türkiyə Suriyada əməliyyat apardığı ərazidən kənarda kürd döyüşçülərə qarşı hücumu yenidən başlamağa “ehtiyac olmadığını” deyir. Çünki Birləşmiş Ştatlar onlara məlumat verib ki, kürdlərin şimalda sərhəd zonasından çıxması “tamamlanıb”.

“İndiki mərhələdə yeni əməliyyat aparmağa ehtiyac yoxdur”, – Türkiyənin Müdafiə Nazirliyi oktyabrın 22-də gecə bildirib.

Birləşmiş Ştatlar isə Suriyanın şimalında İslam Dövləti qruplaşması hər hansı şəkildə baş qaldırarsa, Türkiyə və kürd döyüşçülərin tərəfindən məhv ediləcəyini gözləyir. Bunu isə ABŞ-ın Suriya üzrə xüsusi elçisi James Jeffrey oktyabrın 22-də Senatın Xarici əlaqələr komitəsində deyib.

“Əgər Türkiyə ilə kürd döyüşçülər bir-birilə qarşı-qarşıya gəlməyə məcbur qalmasalar, İŞİD-lə mübarizədə onların hər ikisinə bel bağlaya bilərik”, – o deyib.

***

Rusiya prezidenti Vladimir Putin deyib ki, o və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankarının Suriyanın şimal-şərqindəki hərbi hücumu ilə bağlı “mühüm” qərarlar qəbul ediblər.

O əlavə edib ki, tərəflər bu gərgin regionda müştərək patrul keşiyi çəkməyə razılaşıblar.

Rusiya və Türkiyə rəsmiləri bildiriblər ki, ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş və oktyabrın 22-də saat 19-da (Bakı vaxtı ilə 23:00-da) başa çatmalı olan atəşkəsin müddəti oktyabrın 23-də günortadan başlamaqla 150 saat müddətində uzadılacaq.

Kürd silahlıları Türkiyə sərhədi boyunca 30 kilometrlik zolağı tərk etməli olacaqlar.

Bu qərarlar iki liderin Rusiyanın Soçi şəhərində keçirilən 6 saatlıq danışıqlarında qəbul edilib.

Erdoğan və Rusiyanın müdafiə naziri Sergei Shoigu deyiblər ki, Türkiyə-Rusiya müştərək patrul keşiyi Türkiyə sərhədindən 10 kilometrlik zolaqda həyata keçiriləcək. Bu da təsdiqlənib ki, Türkiyənin “terrordan azad təhlükəsizlik zonası” Suriya ərazisinin 20 kilometrlik dərinliyinədək davam edəcək.

Türkiyə rəsmilərindən biri deyib ki, “biz bugün rusiyalı həmkarlarımızla çox məhsuldar görüş keçirdik”.

"Biz əla bir razılaşma əldə etdik. Biz terrordan azad zonanın yaradılması barədə razılığa gəldik”.

Bundan az əvvəl ABŞ rəsmiləri bildirmişdilər ki, kürd döyüşçülər Türkiyənin tələbinə uyğun olaraq Suriyanın şimalındakı sərhəd bölgəsindən çıxışı başa çatdırıblar.

Kürd rəsmiləri də kürd qüvvələrinin 5 günlük atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq regionu tərk etdiklərini təsdiq ediblər.

Suriya Türkiyənin hücumunu pisləmiş və bildirmişdi ki, Dəməşq kürd döyüşçülərlə müttəfiq ola bilər.

Erdogan xəbərdarlıq edir

Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Erdogan demişdi ki, kürd döyüşçülər atəşkəs öhdəliklərinə əməl etməsələr, Suriyanın şimal-şərqində hərbi əməliyyatı “daha qətiyyətlə” davam etdirəcək.

Oktyabrın 22-də Ankaradan Soçiyə yola düşən Erdogan deyib ki, kürdlərin YPG qruplaşmasının bütün bölmələri Türkiyənin Suriyayla sərhəddə yaratmaq istədiyi “təhlükəsiz zona”dan çıxmalıdır.

“Birləşmiş Ştatların ölkəmizə verdiyi vədlərə əməl olunmasa, əməliyyatı qaldığımız yerdən daha böyük qətiyyətlə davam etdirəcəyik”, – Erdogan vurğulayıb.

Türkiyə prezidenti 700-800 YPG üzvünün geri çəkildiyini, 1200-1300 nəfər üçün prosesin hələ davam etdiyini deyib.

Suriya Prezidenti Bashar al-Assad isə oktyabrın 22-də Erdogan-ı “oğru” adlandırıb. “Erdogan zavodlardan buğda və neft oğurlayıb, indi isə torpaq oğurlayır”, – SANA agentliyi al-Assad-ın İdlibə səfər zamanı belə dediyini yazır.

***

Erdogan Putin-lə Suriyadan danışacaq

Oktyabrın 22-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putin-lə Suriyada baş verənləri müzakirə edəcək. Ankara Suriyanın şimal-şərqində kürd qüvvələrə qarşı hərbi əməliyyat aparır.

Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş beşgünlük atəşkəs də oktyabrın 22-də bitir.

Türkiyə öz sərhədi yaxınlığında 120 kilometrlik ərazidə “təhlükəsiz zona” yaradaraq 2 milyon suriyalı qaçqını oraya yerləşdirmək istəyir.

Putinlə görüşdən sonra Türkiyə Suriyanın şimal-şərqində gələcək “lazımlı” addımları atacaq, Erdogan oktyabrın 21-də İstanbulda keçirilən forumda deyib.

ABŞ Prezidenti Donald Trump oktyabrın 9-da Suriyanın şimal-şərqindən qüvvələri çıxardığını elan edəndən sonra Türkiyə kürd qüvvələrə qarşı əməliyyata başlayıb.

Türkiyə Suriya kürdlərinin YPG xalq müdafiə qüvvələrini terrorçu təşkilat hesab edir. Tənqidçilər Trump-ın kürdlərlə müttəfiq ABŞ qüvvələrinin Suriyadan çıxarılması qərarını “xəyanət” adlandırıblar.

Bir çoxları Türkiyə qüvvələrinin hücumu nəticəsində İslam Dövləti ekstremist təşkilatı cihadçılarının azadlığa çıxa biləcəyindən narahatdırlar. Onlar indiyədək kürd qüvvələrinin əsirliyində idilər.

ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 21-də deyib ki, Trump “gərəkərsə” hərbi gücdən istifadəyə hazırdır. Ondan Türkiyənin kürdlərə qarşı hücumu barədə soruşublar.

CNBC televiziyasına müsahibəsində Pompeo deyib ki, “biz sülhü müharibədən üstün tuturuq”.

Oktyabrın 21-də yayılmış videoda Suriyanın kürdlərin əlində olan şəhərində sakinlərin oranı tərk edən ABŞ hərbi maşınlarına ərzaq, kartof atdığı görünür. Kürd xəbər agentliyinin yaydığı videoda maşınlara kartof atanlar ingiliscə “Rədd olsun Amerika”, “Amerika yalançıdır” qışqırıblar.

XS
SM
MD
LG