Çin Honq Konq şəhərinin lideri Carrie Lam-ı “aralıq dövr” icra başçısı ilə əvəzləmək planı hazırlayır. Bu haqda “Financial Times” qəzeti bir neçə mənbəyə istinadla yazır. Bir neçə aydır Honq Konqda demokratiya tələbiylə etirazlar keçirilir, yürüşlərdə zorakılıqlar da baş verir.
Lam etirazçılar üçün bir növ günah keçisinə çevrilib. Honq Konq sakinləri Pekinin bu muxtar ərazi üzərində idarəçiliyi genişləndirdiyini, azadlıqları məhdudlaşdırdığını deyirlər.
Mənbələrin FT-yə bildirməsinə görə, Çin yekun qərarı verməzdən öncə Honq Konqda durumun sabitləşməsini istəyir, çünki zorakılıqlar qarşısında təslim olan kimi görünmək istəmir.
Qəzet yazır ki, Çin Prezidenti Xi Jinping planı gerçəkləşdirməyə qərar versə, Lam-ın xələfi martadək təyin olunacaq və onun vəzifə müddətinin sonunadək, yəni 2022-ci ilin sonunadək həmin postu tutacaq.
Məlumata görə, Lam-ı əvəzləyəcək əsas namizədlər sırasında Honq Konq Monetar İdarəsinin keçmiş rəhbəri Norman Chan və ərazinin maliyyə katibi kimi çalışmış Henry Tang da var.
Sentyabrda “Reuters” Lam-ın səsyazısını yaymışdı, o deyirdi ki, əlində olsaydı istefa verərdi. Ancaq sonradan o dedi ki, heç vaxt Çin hökumətindən istefasını istəməyib.
Honq Konqda etirazlar iyunun ortasından başlanıb. İlkin olaraq şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirdilər. Sonradan bu layihə geri çevrildi, ancaq etirazlar davam etdi, tələblər genişləndi.
Çin Honq Konq Britaniyadan ayrılandan sonra bu əraziyə verilmiş azadlıqları məhdudlaşdırması ittihamlarını rədd edir, Birləşmiş Ştatlar və Britaniyanı iğtişaşları qızışdırmaqda suçlayır.