ABŞ-ın İmmiqrasiya və Gömrük İdarəsi (ICE) Rusiya Olimpiya Komitəsinin keçmiş sədr müavini Əhməd Bilalovu oktyabrın 23-də Cənubi Floridadakı evində saxlayıb.
Bu haqda “Miami Herald” qəzeti məlumat yayıb.
Əslən Dağıstandan olan Əhməd Bilalov Rusiya Prezidenti Vladimir Putin tərəfindən tənqid olunandan sonda ölkədən qaçmışdı. Putin onu 2014-cü il Soçi Qış Olimpiadası öncəsi tikintiləri yubatmaqda, xərcləri şişirtməkdə suçlamışdı.
Rusiyanın Bilalovun ekstradisiyasını tələb edib etmədiyi bəlli deyil. Interpol-dan qəzetə deyiblər ki, bu haqda “paylaşası informasiya yoxdur”.
ICE-nin sözçüzü dpa xəbər agentliyinə deyib ki, Bilalovun həbsiylə bağlı detalları paylaşa bilməz.
Soçi olimpiadasına hazırlıq zamanı hökumətin korrupsiyaya yol verməsi iddiaları səsləndirilib. Rusiya Olimpiya oyunlarının 50 milyard dollar başa gəldiyini açıqlamışdı.
Putin televiziyada canlı yayım zamanı tənbeh etmiş, xizəksürmə kompleksinin qiymətlərini şişirtdiyini demişdi. Bundan sonra Rusiya Baş Prokurorluğu Bilalovun başçılıq etdiyi «Şimal Qafqaz Kurortları» şirkətində yoxlamaya başlayıb.
Ölkədən qaçan Bilalov 2013-cü ildə Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti vəzifəsindən çıxarılıb.
Həmin il Rusiyada Bilalova qarşı cinayət işi açıldı, o, büdcə vəsaitinin israfında ittiham olunurdu. 2016-cı ildə mənbələr “cinayət tərkibi olmadığından” işin bağlandığını xəbər verdi. Ancaq Daxili İşlər Nazirliyi məlumatı təkzib elədi.
Bilalov 2013-cü ildə Britaniyanın “The Guardian” qəzetinə demişdi ki, Rusiyadan qaçmazdan öncə onu civəylə zəhərləməyə cəhd ediblər.
O, ABŞ-da həyat yoldaşı və yeni doğulmuş körpəsiylə yaşayırdı. Vəkili dpa-nın suallarını cavablandırmayıb.
TASS bildirir ki, Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentindən Bilalovun Floridada saxlanması xəbərinə reaksiya gözləyir.