Noyabrın 1-dən Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində birgə patrul xidmətinə başlayıblar. Bu haqda razılaşma ötən həftə Ankara və Moskva arasında əldə olunub, Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı dayandırıb.
Türkiyənin Müdafiə Nazirliyi tvitində yazıb ki, Suriyanın Əl-Darbasiyah sərhəd qəsəbəsinin şərqində “quru və hava birləşmələri” ilə birgə patrul başlanıb.
110 km-dən artıq ərazi birgə qorunacaq
Rusiyanın Müdafiə Nazirliyi də bu informasiyanı təsdiqləyib. Nazirliyin bəyanatında deyilir ki, karvana bir neçə zirehli texnika – Rusiyanın BTR-82, Tiqr və Tayfun, Türkiyənin Kirpi maşınları daxildir.
Onlar 110 kilometrdən artıq ərazidə keşik çəkəcəklər.
Türkiyənin TRT dövlət televiziyası birgə karvanın Əl-Darbasiyah və Kamışlı arasında 10 kilometrlik ərazini qoruyacağını bildirib.
Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDF) də patrul əməliyyatının başlandığını təsdiqləyib.
Türkiyə oktyabrın 9-da kürd qüvvələrə qarşı hücuma başlayıb. Bundan öncə ABŞ Prezidenti Donald Trump Suriyanın şimal-şərqindən hərbçilərini çıxardığını elan edib.
Oktyabrın 22-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan Soçidə rusiyalı həmkarı Vladimir Putin-lə razılığa gəlib ki, Suriyanın şimal-şərqində sərhəd ərazilərə birgə nəzarət olunsun, kürd silahlılara oranı boşaltmağa 150 saat verilsin.
18 əsgər təhvil verilib
Erdogan-Putin razılaşmasında Türkiyənin əməliyyat zamanı ələ keçirdiyi əraziyə nəzarəti saxlaması nəzərdə tutulur.
Noyabrın 1-də Rusiyanın nümayəndə heyəti Ankarada Soçi razılaşmasının texniki tərəflərini müzakirə edəcək. Məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Nazirliyin başqa bir məlumatında deyilir ki, oktyabrın 31-də əldəqayırma partladıcı bir türk əsgərinin həyatına son qoyub. Bununla da əməliyyat başlayanı Türkiyə ordusunun itkisi 13-ə çatıb.
Nazirlik həmçinin Suriyanın şimal-şərqində saxlandığı bildirilən 18 hökumət əsgərini təhvil verdiyini açıqlayıb. Bu addımın Rusiya ilə koordinasiya olunduğu bildirilir, həmin şəxslərin kimə təhvil verildiyi qeyd olunmur.
Nazirlik bildirir ki, əsgərlər oktyabrın 29-da Suriyanın Ras əl-Ayn sərhəd şəhəri yaxınlığında əməliyyat zamanı tutulublar.