Berlin divarının çöküşündən 30 il keçir. Bu gün şərqi avropalılar demokratiya üçün qorxurlar, hökumətə və əsas siyasi partiyalara skeptik yanaşırlar, mediaya inanmırlar. Bunu “The Guardian” qəzeti yeni keçirilmiş rəy sorğusuna istinadla yazır.
Demokratiya təhdid altında
Hesabat müəllifləri demokratik sistemlərə və mediaya inamsızlığın “səviyyəsinin təşviş yaratdığını” bildirsə də, bu iki amilin siyasətə təsir göstərdiyi, cəmiyyəti təkmilləşdirdiyi də vurğulanır. Gənclər, özəlliklə qadınlar vətəndaş fəaliyyəti ilə məşğuldur, müsbət dəyişiklik sarıdan nikbindir.
YouGov təşkilatı Bolqarıstan, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya və Slovakiyada 12 min 500 nəfər arasında sorğu keçirib. George Soros-in Açıq Cəmiyyət İnstitutunun dərc etdiyi sorğuya görə, Almaniya daxil altı ölkədə 51-61% respondent demokratiyanın təhdid altında olduğunu deyib.
Bolqarıstanda rəyi soruşulanların 75 faizi, Macarıstan və Rumıniyada yarısından çoxu, Polşada üçdə biri, Almaniyada isə beşdə biri ölkələrində seçkilərin azad və ədalətli olmadığını deyiblər.
Sorğu keçirilmiş yeddi ölkədə yaşı 40-dan yuxarı respondentlərin 25 faizindən də azı dünyanın 1989-cu ildəkindən daha təhlükəsiz olduğunu söyləyib.
Ənənəvi media və hökumətlərin verdiyi informasiyanın etibarlılığına inam aşağı səviyyədədir. Demək olar bütün ölkələrdə çoxluq ənənəvi medianın xəbərləri ədalət və vicdanla verdiyinə inanmadığını söyləyib. Onlar hökumətin dəqiq və qərəzsiz informasiya verdiyinə də inanmırlar.
Vətəndaş cəmiyyətinin gücü
Respondentlərin əksəriyyəti azad sözün, hüququn aliliyinin, etiraz hüququnun hücum altında olduğunu deyib. Macarıstan, Bolqarıstan, Rumıniya, Slovakiya və Polşada çoxları inanır ki, hökuməti tənqid etməyin ziyanını görə bilər. Hər bir ölkədə respondentlərin 60%-dən çoxu ədalətin təhdid altında olduğunu söyləyib.
Bir çoxları inanır ki, indi adamların istədikləri həyatı yaşamaları çətinləşib və onların həyat tarixçəsinin, etnik və cinsi mənsubiyyətinin buna dəxli yoxdur.
Ancaq hesabat müəllifləri bu inam böhranıyla yanaşı “güclü narazılıq ruhunun, hakimiyyəti devirməyə hazırlıq hissi”nin də qaldığını vurğulayırlar.
“Nəticələrimiz onu göstərir ki, isteblişmentin vətəndaşların ümidlərini doğrultmağı yerlərdə vətəndaş cəmiyyəti etibarlı tərəfdaş kimi qəbul olunur”, – yazan müəlliflər Slovakiya, Çexiya və Rumıniyada korrupsiyya qarşı, Polşada ultramühafizəkar hökumətə qarşı kütləvi etirazları misal çəkirlər.
Şərqi Avropanın bir sıra ölkələrində avtoritar hökumətlər vətəndaş cəmiyyəti qruplarına hücum edirlər. Açıq Cəmiyyət Fondu da hücuma məruz qalanlar sırasındadır. Buna baxmayaraq, respondentlərin əksəriyyəti ictimai təşkilatların hakimiyyəti tənqid etmək hüququnu dəstəkləyir. Respondentlərin 17 faizi QHT-lərin fəaliyyətinə qarşı çıxıb.