Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:32

Johnson Rusiya hesabatının dərcini niyə yubadır


Dominic Grieve
Dominic Grieve

Britaniyanın Baş naziri Boris Johnson-un idarəsi bildirib ki, Rusiyanın Britaniya siyasətinə iddia olunan müdaxiləsinə dair parlamentin hesabatı gələn aykı parlament seçkisindən öncə dərc olunmayacaq. Bu, məsələdə nəyinsə ört-basdır olunması sarıdan narahatlıq yaradıb.

Johnson noyabrın 4-də tənqid hədəfinə gəlmişdi. Onda xəbər yayıldı ki, parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin hazırladığı hesabat standart təhlükəsizlik yoxlamasından keçib, ancaq baş nazirin ofisi onun dərcinə razılıq verməyib.

Dauninq Stritdəki mənbələrin deməsinə görə, yekun təsdiqin noyabrın 5-də parlamentin buraxılmasından öncə baş verməsi gözlənilmir və bu da 50 səhifəlik dosyenin 12 dekabr növbədənkənar seçki öncəsi dərc olunmayacağı deməkdir.

Hökumətin aparıcı naziri Michael Gove deyib ki, hesabat “hazırda müvafiq prosedurdan keçir” və “vaxtı çatanda” yayılacaq.

“Michael Gove dövlət kəşfiyyatını təhqir edir. Hökumətin burada adəti prosesə əməl etmədiyi ortadadır. Buradan ört-basdır iyi gəlir”, – müxalif Liberal demokratların sözçüsü Chuka Umunna tvitində yazıb

Deputat hesabatı vacib sayır

Parlament komitəsinin sədri Dominic Grieve hökumətin işi yubatmasını “ağlasığmaz” adlandırıb.

Grieve deyib ki, hesabatın dərcinin yubadılmasına heç bir səbəb göstərilməyib və seçicilər seçkiyə getməmişdən hesabatın gəldiyi qənaətlə tanış olmalıdırlar.

Deputatın fikrincə, Rusiyanın özəlliklə 2016-cı ildə ABŞ-da prezident seçkisi daxil digər ölkələrdə seçkilərə müdaxiləsini nəzərə alanda bu hesabatın əhəmiyyəti böyükdür.

Sənədin martda tamamlandığı, Johnson-un idarəsinə oktyabrın ortasında təqdim olunduğu bildirilir.

Hesabatda Rusiyanın casusluq və seçkilərə müdaxilə iddiaları araşdırılıb. Bu sıraya Britaniyanı Avropa Birliyindən ayrılmasına təkan vermiş 2016-cı il referendumu da daxildir.

“The Guardian” yazıb ki, Moskvanın Johnson-un Mühafizəkar Partiyasına Britaniyada yaşayan mühacirlər vasitəsilə ianələr etməsinə dair iddialar da öyrənilib. Partiya isə qanunsuz yolla pul aldığını danır.

Kreml dəfələrlə digər ölkələrin daxili işlərinə müdaxilə etmədiyini bildirib.

XS
SM
MD
LG