Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:04

Robotlar anbarlarda işləyə bilməyəcək


Robot
Robot

Son illərdə avtomatlaşmanın iş bazarında böyük dəyişiklik yaradacağı, bir çox işləri ləğv edəcəyi, çox sayda insanı işsiz qoyacağından danışılır. Vox saytının yazmasına görə, bu məsələ o qədər narahatlıq doğurur ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədləri son debatlarında bu mövzunu da müzakirə ediblər.

İllinoys Universitetinin tədqiqatçıları anbardakı işin avtomatlaşdırılması mövzusunda araşdırma aparıblar. Onların gəldiyi nəticəyə görə, yeni yaranan texnologiyalar ABŞ-da sayları 1 milyona çatan anbar işçilərini əvəz etməyəcək. Daha doğrusu, bu, yaxın zamanda baş verməyəcək.

İşçilərin özəl həyatının pozulması

«Ancaq yaxın 10 il ərzində bu texnologiya onların həyatını çətinləşdirə bilər», – vox.com yazır.

Qeyd edək ki, «anbar» dedikdə, Amazon, Walmart, Ali Express kimi böyük onlayn dükanların öz mallarını toplayıb saxladığı məkanlar nəzərdə tutulur.

Aparılan araşdırma göstərib ki, texnologiya və avtomatlaşdırma anbarlarda malları nizama salan, saxlayan və paketləyən işçilərə monoton və yorucu fiziki işlərin öhdəsindən gəlməyə kömək edə bilər. Məsələn, onların yerinə ağır bağlamaları qaldıra bilər.


«Ancaq o, həm də işçilərin sağlamlıq, təhlükəsizlik və əhvalına təsir edə, işçilərin əvəz olunma sürətini artıra bilər. Çünki özü hərəkət edən, malları rəflərə yığan arabalar, bədən sensorları və süni zəka ilə çalışan menecment sistemləri işçilərə təzyiq edərək onları daha çox, daha sürətli və daha ciddi nəzarət altında işləməyə məcbur edəcək. Bu, məhsuldarlığı artırmağa kömək etsə də, işçilər üçün yaxşı olmaya bilər», – məqalədə deyilir.

Araşdırmanın müəllifləri Çikaqodakı İllinoys Universitetinin Şəhərlərdə iqtisadi inkişaf mərkəzinin direktor müavini Beth Gutelius və şəhər planlaşdırması və siyasəti üzrə professor Nik Theodore-dur. «Növbəti onillik iş yerlərinin itirilməsi haqda deyil, işin keyfiyyətinin dəyişməsi haqda hekayədir. Texnologiya işçilərə daha çox təzyiq edilməsi, həmçinin, onların özəl həyatlarının pozulmasına yol açıb», – Beth Gutelius deyir.

1 milyondan çox adamın çalışdığı sahə

Berkli Universitetinin Əmək Mərkəzi və «Working Partnerships USA» adlı əmək təşkilatının sponsorluq etdiyi bu araşdırmada Gutelius və Theodore iş yerində maşınlardan istifadə ilə bağlı qərarlar verən onlarla anbar operatoru ilə söhbət ediblər. Onlardan hansı yeni texnologiyalardan istifadə etməyi planlaşdırdıqlarını, bunu nə üçün etdiklərini, bunun işçilərə necə təsir göstərəcəyini soruşublar.

Malların saxlanması və axını ilə bağlı olan anbar işi bugünkü Amerika iqtisadiyyatında çox mühüm yer tutur. Hazırda ABŞ-da bu sahədə 1 milyondan çox adam çalışır. Elektron ticarətin artması sayəsində bu say son bir neçə ildə dayanmadan artıb. 2014-2017-ci illərdə bu sahədə çalışan işçilərin sayı 37% artdığı bildirilir. ABŞ Əmək Statistikası Bürosunun proqnozuna görə, 2026-cı ilədək bu rəqəm daha 21% artmalıdır.

«Hesabatda deyilir ki, adətən iş yerləri çoxalanda maaşlar da artır. Ancaq anbar işçilərinin məvacibi 2001-ci ildən etibarən azalıb. Bu gün bu işçilərin bir saat üçün orta maaşı 13.71 – 16.96 dollar arasındadır. Eyni zamanda, bu sahədə həmkarlar ittifaqlarının yaranması nisbəti 1990-cı ildə 14% olubsa, 2018-ci ildə 6%-ə enib», – sayt yazır.

Bu rəqəmlər onu göstərir ki, elektron ticarətin get-gedə çiçəklənməsinə baxmayaraq, əldə edilən qazancdan işçilərə pay düşmür. Üstəlik, ABŞ Əmək Statistikası Bürosu hesab edir ki, bu işdə işçilərin xəsarət alması ehtimalı digər özəl sektor sahələrinə nisbətən iki dəfə yüksəkdir.

Bundan başqa, anbar işçilərinin əsas kütləsinin kişi, qara və latino gənclərdən ibarət olduğu bildirilir. Hesabatda deyilir ki, bu sahədə çalışan işçilərin 66%-i ağdərili deyil. Bu isə o deməkdir ki, yeni texnologiyalar həm də əhalinin bu seqmentinin həyatına təsir edəcək.

XS
SM
MD
LG