2019-cu ilin əvvəlindən ABŞ rəsmilərinə qarşı saxta xəbərlərə Facebook-da 150 milyon dəfədən artıq baxış olub. Dünən – oktyabrın 6-da açıqlanmış təhlil barədə “Politico” dərgisində Mark Scott yazır.
Təhlili “Avaaz” aktivist təşkilatı hazırlayıb. Bildirilir ki, Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi və Prezident Donald Trump kimi siyasi fiqurları hədəfə alan dezinformasiya dünyanın ən böyük sosial şəbəkəsi sayılan Facebook-da hələ də əlçatandır. Baxmayaraq ki, şirkət rəhbəri Mark Zuckerberg dezinformasiya və digər saxta məlumatlarla mübarizə aparılacağını deyirdi.
“Avaaz” bir məsələni deyə bilmir – bu saxta məlumatların paylaşılması daha geniş onlayn yalan kampaniyasının bir hissəsidir, yoxsa Facebook istifadəçiləri özləri siyasi inanclarına uyğun olaraq həmin materialları paylaşırlar.
“Titanik səviyyəsində fəlakətə doğru gedirik”, – Avaaz-da kampaniyalar üzrə direktor Fadi Quran 2020-ci il seçkisini nəzərdə tutaraq “Politico”ya deyib.
“Facebook bu problemə şəffaf yanaşmır. Nə qədər dezinformasiyanın yayıldığını söyləmək olmur”, – o, sözlərinə əlavə edib.
“Facebook problemə şəffaf yanaşmır”
Bu arada Facebook-un seçki kampaniyası reklamlarında faktları yoxlamaqdan imtinası demokratların tənqidinə səbəb olub. Sosial şəbəkə bəzi saxta siyasi hücumlarla bağlı materialları da silməyib. Məsələn, Trump-ın təkrar seçki kampaniyasının reklamında keçmiş vitse-prezident, Demokratlardan onun potensial rəqibi Joe Biden barəsində əsassız korrupsiya ittihamları yer alıb. Yaxud ötən yazda yayılmış montaj olunmuş videoda Pelosi guya sərxoş kimi dili topuq vura-vura danışırdı.
Facebook isə bu araşdırmaya cavabında deyib ki, adamlar sosial şəbəkədə saxta məlumatları görməyə davam edirlər, ancaq potensial saxta ola biləcək kontentin üzərinə rəqəmsal xəbərdarlıq etiketləri vurulur. Amma Avaaz-ın nəzərdən keçirdiyi kontentin çoxunun üzərində belə bir xəbərdarlıq olmayıb.
Qrup yanvarın 1-dən oktyabrın 31-dək Facebook-da ən çox şərh toplamış, yaxud paylaşlmış 100 siyasi baxımdan saxta xəbəri nəzərdən keçirib.