Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:46

Twitter-in iki keçmiş əməkdaşı casusluqda ittiham olunur


İllüstrativ foto
İllüstrativ foto

Twitter sosial şəbəkəsinin iki keçmiş işçisinə və Səudiyyə Ərəbistanından bir nəfərə ABŞ-da casusluq ittihamı irəli sürülüb. Onlar krallıq üçün casusluqda, özəl istifadəçi datasını araşdıraraq pul qarşılığında Səudiyyə rəsmilərinə informasiya ötürməkdə suçlanırlar. “Reuters” agentliyi yazır ki, şikayəti Ədliyyə Departamenti irəli sürüb.

Twitter-in ittiham olunan keçmiş işçiləri Ali AlzabarahAhmad Abouammo-dur. Səudiyyənin kral ailəsi üçün çalışan isə Ahmed Almutairi olub. Onlar xarici agent kimi qeydiyyatdan keçmədən ər-Riyad üçün işləyiblər, ittihamnamədə deyilir.

Hansı informasiyaları axtarıblar

Agentlik yazır ki, bu ittihamnamə insan haqları sahəsində tənqidlərlə üzləşməsinə baxmayaraq, ABŞ-ın müttəfiqi olan, Prezident Donald Trump ilə isti münasibətlər saxlayan Səudiyyəyə qarşı qeydi-adi “barmaq silkələmə” sayılır.

Ər-Riyadın Yəmən müharibəsində rolu, ötən il İstanbuldakı konsulluqda jurnalist Jamal Khashoggi-nin qətlindən dolayı respublikaçı və demokrat konqresmenlər bu ölkəni kəskin tənqid edirlər.

Bütün təzyiqlərə baxmayaraq Trump krallığın, onu de-fakto idarə edən vəliəhd şahzadə Mohammad bin Salman-ın yanında olub. “Washington Post” yazır ki, bin-Salman şikayətdə Kral Ailəsinin 1-ci üzvü kimi göstərilir.

Bu ittihamlar Silikon Vadisi şirkətlərinin istifadəçilərin özəl informasiyasını necə qorumasını bir daha diqqət mərkəzinə gətirir. Həmin informasiya şirkətlərin işçilərindən də qorunmalıdır, onların informasiyaya çıxışının heç bir legitim əsası yoxdur.

Şikayətdə deyilir ki, Abouammo 2015-ci ilin əvvəlində Səudiyyənin kral ailəsinin tanınmış tənqidçisinin Twitter hesabına dəfələrlə çıxış əldə edib. Bir dəfə o, hesaba bağlı elektron ünvanı və telefon nömrəsini görüb.

O, Səudiyyənin daha bir tənqidçisinin də hesabına çıxış əldə edib.

6 mindən çox hesabdan şəxsi informasiya əldə olunub

Twitter Alzabarah-ın şəxsi informasiyaya çıxdığını aşkarlayan kimi onu administrativ məzuniyyətə çıxarıb. Ancaq o vaxta kimi o, 6 mindən çox hesabdan şəxsi informasiya əldə etmişdi. Onlardan 33-nə qarşı Səudiyyənin hüquq-mühafizə hakimiyyəti Twitter-ə siorğu göndəribmiş, şikayətdə vurğulanır.

“Bu informasiyadan həmin postları yerləşdirmiş Twitter istifadəçilərinin müəyyənləşdirilməsi, yerlərinin aşkarlanmasında istifadə oluna bilərdi”, – Ədliyyə Departamenti mətbuat üçün açıqlamasında bildirir.

Almutairi isə Səudiyyə hökuməti ilə Twitter-in işçiləri arasında araçılıqda ittiham olunur.

ABŞ vətəndaşı olan Abouammo Sietldə saxlanıb. Digər ikisinin Səudiyyə Ərəbistanında olduğu güman edilir.

Şikayətdə deyilir ki, Twitter-in keçmiş işçiləri ötürdükləri informasiya qarşılığında nağd pul, bahalı saat kimi hədiyyələr alıblar. Abouammo sonradan Craigslist.org saytında həmin saatı satışa çıxaranda qiymətinin 35 min dollar olduğunu deyib.

“The Washington Post”un yazmasına görə, sözügedən şəxslərlə Səudiyyənin Bader al-Asaker adlı rəsmisi işləyib. Onun Şahzadə Mohammad-ın yaxın müşaviri olduğu, hazırda onun özəl idarəsinə və MiSK adlı xeyriyyə quruma rəhbərlik etdiyi vurğulanır.

XS
SM
MD
LG