Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

‘Batan’ Rusiyanın öhdəsindən necə gəlməli – Qərb mediası


Moskvada parad, 7 noyabr, 2019-cu il
Moskvada parad, 7 noyabr, 2019-cu il

“New Europe” portalında Harvard universitetinin professoru Joseph S. Nye Kremlin son vaxtlar ard-arda əldə etdiyi uğurlardan söz açır, ancaq bütün bunları aldadıcı sayır, Rusiyanın əslində çökməkdə olduğunu yazır.

Yaxın periferiyada yumşaq güc

Rusiya Suriyada Birləşmiş Ştatların yerinə keçib, Ukraynanın şərqinə müdaxiləni davam etdirir, bu yaxınlarda Soçidə Afrika sammitinə ev sahibliyi edib. Müəllif yazır ki, ABŞ-ınkına bərabər nüvə arsenalına malik olmasına baxmayaraq Rusiya beynəlxalq səhnədə ancaq oyunpozan rolundadır.

“Dil, tarix və əmək miqrasiyası Rusiyanı yaxın ətrafında müəyyən yumşaq güclə təmin edir, amma Rusiya filmlərinə çox az əcnəbi baxır, Rusiya universitetləri top qlobal 100-lüyə düşmür”, – yazan müəllif ölkədə dövlət səhiyyəsinin zəif, orta ömür uzunluğunun Avropadakından 5 il az – 72 olduğunu vurğulayır. Üstəlik, BMT-nin demoqraflarının hesablamalarına görə, Rusiyanın əhalisi indi 145 milyon nəfərdir, amma əsrin ortasına 121 milyona düşə bilər.

“Hazırda Rusiya korrupsiyaya uğramış institutları, ciddi demoqrafik və səhiyyə problemləri ilə ‘monokultural iqtisadiyyat’dır. Keçmiş prezident Dmitri Medvedev onları dəf etmək planları hazırlasa da, çox az iş görülüb və geniş yayılmış korrupsiya modernizasiyanı çətinləşdirib. Putin Rusiyanın dünya səhnəsində mövcudiyyətini bərpa edən uğurlu taktik olsa da, ölkəsinin uzunmüddətli problemlərini yoluna qoyan bacarıqlı strategik ola bilməyib”, – məqalədə deyilir.

Müəllif Rusiyanın Çinlə yaxınlaşmasını Putinin uğurlu taktiki manevrlərindən biri sayır. Ukraynaya hücumundan dolayı Qərbin sanksiyaları ilə üzləşən Putin Çini “əsas strateji tərəfdaş” elan etdi. Əvəzində Prezident Xi Jinping Putini “ən yaxşı dostum və həmkarım” adlandırdı.

Çinlə alyansda kiçik tərəfdaş əndişəsi

Məqalədə qeyd olunur ki, Rusiyanın iqtisadi çöküşü onun Çinin yüksəlişi sarıdan narahatlığını artırıb. Ticarət artsa da, investisiya geri qalır və Rusiya Çinin ixrac bazarında yalnız 10-cu yeri tutur. “The Economist” bu yaxınlarda yazırdı ki, Rusiya Çinlə alyansında kiçik tərəfdaşa çevrilməkdən narahatdır – yəni Rusiya Çindən daha çox asılı olur, nəinki Çin Rusiyadan.

Fudan Universitetindən Feng Yujin deyib ki, “bizim üçün ən vacib münasibət Amerikayladır. Stalin və Maonun səhvlərini təkrarlamaq istəmirik”.

Ancaq müəllif Amerikanın Rusiyanın çöküşünü rahatlıqla qəbul etməli olmadığını yazır. Rusiya hələ də ABŞ üçün potensial təhdid yaradır, çünki onu məhv etməyə yetərincə raketi və nüvə başlığı var.

“Hətta çökməkdə olan Rusiyanın belə miqyası böyükdür, əhalisi təhsilli, alimləri və mühəndisləri bacarıqlıdır, nəhəng təbii resursları var”, – yazan müəllif Rusiyanın ABŞ-ın Sovet İttifaqı qədər olmasa da balans yaratmağa resursları olduğunu vurğulayır. Nüvə qüdrəti, neft və qazı, kiber texnologiya sahəsində bacarıqları, Avropaya yaxınlığı, Çinlə alyans potensialı bu gücü daha da artır.

“Çökməkdə olan ölkələrə də yüksəlişdə olanlar qədər diplomatik diqqət lazımdır. Prezident Donald Trump vəzifədən gedəndən sonra Birləşmiş Ştatlar hazırda malik olmadığı ciddi Rusiya strategiyası hazırlamalıdır”, – məqalədə deyilir.

XS
SM
MD
LG