Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:26

Venesuela neftini gizlin ixrac edir – Qərb mediası


PDVSA şirkətinin baş ofisi
PDVSA şirkətinin baş ofisi

Venesuela milyonlarla barrel nefti gizli ixrac edir. Bu haqda “Bloomberg” agentliyi yazır. Agentliyin məlumatına görə, neft tankerləri transponderləri söndürürlər ki, olduqları yer bilinməsin. Beləcə, daşımalar diqqəti çəkmir.

“Bloomberg” noyabrın ilk 11 günü ərzində Venesuelanın tankerlərə 11 milyon barrel xam neft yüklədiyini xəbər verir. Bu, oktyabrın analoji dövrüylə müqayisədə iki dəfədən də artıqdır. Bu həcmin yarısı transponderləri söndürülmüş gəmilərə yüklənib. Tankerlərin nefti Çin və Hindistana çatdırdığı vurğulanır.

Şirkətlər təkzib edir

Agentlik qeyd edir ki, Venesuelanın Liberiya bayrağı ilə üzən Dragon adlı tankerinə 2 milyon barrel neft vurulub. Bu, Rusiyanın “Rosneft” şirkətiylə müqavilə əsasında həyata keçirilib. Hazırda tanker Venesuelanın Xose limanında dayanıb, halbuki, son GPS siqnalına görə, Fransa sahillərində olmalıydı.

Rosneft-dən agentliyə bildiriblər ki, şirkət və filialı “bu məntiqi ardıcıllıqla gəmi icarəyə götürməyib”. Şirkətdən onu da qeyd ediblər ki, Venesuelada hələ ABŞ sanksiyalarından öncə imzalanmış kontraktlar əsasında fəaliyyət göstərirlər, eyni zamanda beynəlxalq hüquq normalarına əməl edirlər.

“Dragon” tankerinin sahibi Dynacom Tankers Management isə bildirir ki, yanvardan gəmilərinin heç biri məhdudiyyətlər altında olan təşkilatlarla kontraktlardan iştirak etməyib. Dynacom ABŞ sanksiyalarını heç vaxt pozmadığını vurğulayıb.

Transponderlərin söndürülməsi məsələsinə nə Rosneft, nə Dynacom şərh verib.

“Bloomberg” yazır ki, Venesuela hələ 2019-cu ilin əvvəlindən gəmilərində sputnik izləməsi sistemlərini söndürməyə başlayıb. Onda məqsəd Kubaya neft göndərmək idi. Sanksiyalardan yayınmaqdan ötrü Venesuela hakimiyyəti hətta qara siyahıya düşmüş gəmilərin adlarını da dəyişib.

İran da bu üsuldan istifadə edir

Agentlik neft daşıyan gəmilərin transponderlərin söndürülməsi vasitəsilə gizlədilməsi təcrübəsinin yeni olmadığını yazır. Bu, rəqabət, başqa məqsədlərlə də edilə bilər. OPEC üzvü, ABŞ hökumətinin sanksiyalar tətbiq etdiyi İran da neftinin ixracından ötrü “qara” gəmilərdən istifadə edir.

Yanvarda Birləşmiş Ştatlar Venesuelanın Petroleos de Venezuela (PDVSA) dövlət neft emalı şirkətinə sanksiyalar tətbiq etməyə başladı. Məqsəd neft ixracını iflic etmək, Prezident Nicolas Maduro rejimini valyuta gəlirlərindən məhrum etmək idi.

ABŞ və bir sıra ölkələr Maduronu ölkənin legitim prezidenti saymır.

Sanksiyalardan dolayı sentyabrda Venesuelanın neft istehsalı günə 644 min barrelə düşüb. Bu, son 16 ilin ən aşağı həddidir. Bir çox ölkələr Karakasdan neft almaq, yaxud onun daşınmasıyla məşğul olmaq istəmir.

İndi Venesuela neftin ixracından ayda 250 milyon dollar qazanır. 2005-2014-cü illərdə bu, ayda ortalama 5 milyard dollar idi.

ABŞ hakimiyyəti Venesuela ilə ticarətə görə Rosneftə sanksiyaları istisna etməyib.

XS
SM
MD
LG