Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

Erdogan Trump-ı yenə ‘ələ saldı’


Donald Trump (sağda) və Recep Tayyip Erdogan (solda)
Donald Trump (sağda) və Recep Tayyip Erdogan (solda)

Türkiyənin inadcıl prezidenti baxışlarını ifadə etməyə Ağ evdə platforma qazandı. ABŞ Prezidenti isə bunun əvəzində çox şey əldə etmədi. “Foreign Policy” dərgisində Lara Seligman ABŞ Prezidenti Donald Trump-ın noyabrın 13-də Ağ evdə türkiyəli həmkarı Recep Tayyip Erdogan-la görüşünü təhlil edir.

Müəllif yazır ki, Erdogan-ın Qərb konvensiyalarını aydın şəkildə pozmasına baxmayaraq, Trump açıqlamasında türkiyəli həmkarını əsasən təriflədi. Axı, Erdogan Rusiyadan hərbi avadanlıq alır, jurnalistləri həbsə atdırır, Suriyanın şimal-şərqində qanlı əməliyyat başladır, üstəlik, Suriyadakı ərəb proksilərinə hərbi cinayətlər törətmək icazəsi verdiyinə dair iddialar var.

“Mən prezidentin böyük fanatıyam”, – Trump deyib və sözügedən ittihamların heç birinə toxunmayıb.

Erdogan isə kameralar qarşısındakı zamanından yararlanaraq kürdlərin YPG qruplaşmasını tənqid edib. Türkiyə YPG-ni Türkiyədə qanlı mübarizə aparan PKK-nın bir qanadı hesab edir.

“Trump-dan Ağ evdə özünümüdafiə üçün platforma aldığına görə Erdogan xoşbəxt olmalıdır, axı, beynəlxalq media daim onu sərt tənqid edir. Bu, Erdogan-dan ötrü PR idi. Beynəlxalq televiziyalar onun çıxışını kəsmədən 15 dəqiqə yayımladılar”, – türkiyəli jurnalist Ragip Soylu Twitter-də yazıb.

Tərəflər Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri üzrə də elə bir razılıq əldə etməyiblər. Trump deyib ki, liderlər köməkçilərinə “S-400 məsələsini dərhal həll etmək üzərində işləməyi” tapşırıblar.

Bir məsələ Türkiyənin S-400-ü işə salmamağa razılaşması ola bilər. Ancaq bəzi ekspertlərin fikrincə, Erdogan burada da qalibdir. Çünki zenit-raket kompleksini işə salmamağa razılaşmaq güzəşt deyil və asanlıqla “altından çıxmaq olar”. Bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Thomas Karako deyir.

“Onu söndürə də bilərsən, ortalığa çıxarmaya, qarajda da saxlaya bilərsən, ancaq altı ay sonra işə salacaqlarına inam səviyyəsi sıfıra bərabərdir”, – Karako vurğulayıb.

S-400 ABŞ qırıcılarını izləməkdən ötrü hazırlanıb. ABŞ narahatdır ki, Türkiyə bu sistem vasitəsilə F-35 qırıcıları gizlin rejimdə olanda onlar barəsində əsas informasiyanı əldə edə bilər.

ABŞ və NATO S-400 və F-35-in bir yerdə mövcudluğunu qəbul etmir və Ankara F-35 proqramından kənarlaşdırılıb.

XS
SM
MD
LG