Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:59

ABŞ Rusiya şikətinə və 17 rusiyalıya sanksiyalar elan edib


ABŞ-ın maliyyə və ədliyyə nazirlikləri dekabrın 5-də Rusiyada qeydiyyatda olan Evil.Corp şirkətinə bağlı 17 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar elan edib.

Sanksiyalar bu şirkət tərəfindən ABŞ-ın bir neçə bankına qarşı törədilmiş kibercinayətlərə görə qoyulur.

ABŞ hakimiyyət orqanları rusiyalıları troyan virus proqramlarının hazırlanmasında və bunun köməyi ilə Amerika vətəndaşları və şirkətlərinin hesablarından 100 milyon dollardan çox pul oğurlamaqda ittiham edir.

Bu barədə yayılmış mətbuat məlumatında deyilir ki, Evil Corp. şirkətinə Rusiyada bir-biri ilə sıx və etimadlı əlaqələri olan bir qrup şəxs tərəfindən rəhbərlik edilir.

ABŞ rəsmiləri bildirirlər ki, bu qruplaşma Dridex adlı troyan proqramından istifadə edib.

Bu virus əsasən fişinq məktubları vasitəsilə yayılır və onu adi antivirus proqramları ilə aşkar etmək olduqca mürəkkəb məsələdir.

Əgər fişinq məktubunu alan şəxs onu açarsa, troyan dərhal kompüterə yüklənir və hədəflənən şəxsin internet banka girişi də daxil şəxsi məlumatlarını oğurlayır.

Bundan sonra proqram həmin bank hesablarına girərək pulları Evil.Corp şirkətinə məxsus ofşor hesablara köçürür.

Bundan başqa ABŞ-da qiyabi olaraq iki rusiyalıya qarşı cinayət işləri açılıb.

Bunlar haker qrupunda aparıcı fiqurlardır. Qeyd olunur ki, moskvalı Maksim Yakubets və Yoşkar-olalı İgor Turashev cinayət əməllərinə 2011-ci ildən başlayıblar. Onlara qarşı 10 ittihamdan ibarət cinayət işi açılıb.

Bu işin təhqiqatında habelə Britaniya ekspertləri iştirak ediblər. FTB və Dövlət Departamenti Yakubets və Turashev-in həbsi ilə nəticələnəcək hər hansı informasiya üçün 5 milyon dollar mükafat təyin edib.

Bu da iddia olunur ki, Yakubets Rusiyanın ABŞ-da kiberhücumlarda ittiham edilən xüsusi xidmətləri ilə bağlıdır.

XS
SM
MD
LG