Prezident İlham Əliyev növbədənkənar parlament seçkilərini iki ay sonraya təyin edib. Bəzi siyasi partiyalar isə nəinki öz namizədlərini müəyyən etməyib, heç seçkilərdə iştirakla bağlı yekdil qərara da gələ bilməyiblər. Bəs, belə bir şəraitdə iki ay normal seçki keçirməyə kifayət edəcəkmi?
Hakim Yeni Azərbaycan Partiyasının katibi Əli Əhmədov öz Facebook hesabında yazır ki, dövrlə, onun tələbləri ilə ayaqlaşmağa çalışan bütün siyasi partiyalar seçkilərə hazırlaşır:
“Boykot çağırışına gəldikdə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir”.
"İqtidar yenə də bütün ümidlərini saxtakarlığa bağlayıb"
AXCP sədri Əli Kərimli isə deyir ki, onların da daxil olduğu müxaifətin birliyi olan Milli Şura öz yekun qərarını 1-2 gün ərzində açıqlayacaq:
“Biz əslinə baxanda seçkilərdə iştirak etmək istəyirdik. Ona görə də çox sadə islahat təklifi verdik. Təklif edirdik ki, Seçki Komissiyalarında müxalifət də təmsil olunsun, namizədlərimiz qeydə alınsın, bərabər təbliğat-təşviqat imkanlarımız olsun, səslərin sayılmasında iştirak edə bilək, məntəqə komissiyalarının protokollarını əldə edə bilək, sərbəst toplaşma azadlığı təmin olsun. Özünə arxayın olan iqtidar bu tələbləri qəbul edib, müxalifətlə yarışa girərdi. Amma onlar bütün ümidlərini saxtakarlığa bağladıqlarına görə elə şərait yaratdılar ki, seçkidə hər hansı rəqabət olmasın”.
Əli Kərimli bildirir ki, bundan əvvəlki seçkilərdə AXCP-Müsavat blokundan olan namizədlərin üçdə-ikisi qeydə alınmayıb. Müşahidəçilərə seçkini izləməyə imkan yaradılmayıb, namizədlər təbliğat dövründə ciddi əngəllərlə üzləşiblər. Bəzi namizədlər Avropa məhkəməsinə üz tutub və onların hüquqlarının pozulduğu tanınıb.
Müsavat partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də hesab edir ki, cəmiyyətin fəal olmadığı bir zamanda, tez-tələsik seçkiləri saxtalaşdırmaqla yeni parlament formalaşdırmaq istəyirlər:
“Özlərinin məqsədlərinə uyğun təyinatlı parlament formalaşdırmaq istəyirlər. Təbii ki, belə bir qısa müddətdə və demokratik azadlığın, sərbəst toplaşma, söz azadlıqlarının olmadığı bir dönəmdə seçkiyə hazılaşmaq elə də sadə məsələ deyil. Seçkilərin 9 fevrala təyin olunmas boykot tərəfdlarının arqumentlərini daha da gücləndirmiş oldu”.
İsa Qəmbər bildirir ki, Müsavat Partiyası dekabrın 7-də bu məsələni müzakirə edəcək və yekun qərarı elan edəcək.
Amma Real Partiyasının sədri İlqar Məmmədov isə hesab edir ki, bu da bir şansdır və müxalifət bu şansdan yararlanmalıdır. O, sədri olduğu partiyanın seçkilərə ötən ildən hazırlandığını bildirir:
“Az olsa da bu müddət, bizim üçün kifayət edir. Çünki biz öz hazırlıqlarımızı dayandırmırdıq. Namizədlərimizin, müşahidəçilərimizin siyahısı üzərində işləyirdik. Hətta 2018-ci ilin oktyabrında erkən seçkilər keçirilsə, nələr edilməlidir, belə bir strategiya sənədi də qəbul eləmişdik. Yəni, biz bütün bu hazırlıqları vaxtında edirdik deyə, nisbətən iki ay müddəti bizim üçün məqbuldur. Amma təbii ki, yaxşı olardı ki, bir az gec keçirilsin. Amma vaxt təyin olunub, sadəcə biz hazırlıqlarımızı daha da sürətləndirməliyik”.
Bəs, cəmiyyət necə seçkiləri nə dərəcədə hazırdır? Müzakirələrimizdə sadə vətəndaşların da səsini eşitdirmək üçün Bakı küçələrində rastımıza çıxan bir neçə nəfərin fikrini də öyrənmişik:
Total saxtalaşdırma gözləntisi
Bir neçə gün sonra dekabrın 23-də isə bələdiyyə seçkiləridir. Seçki eksperti, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə hesab edir ki, belə tez-tələsik parlament seçkilərinin keçirilməsi həm cəmiyyət, həm də siyasi partiyalar üçün çətin olacaq. Amma o hesab edir ki, Azərbaycanda seçki prosesi formal xarakter daşıyır, ona görə də təşkilati işlərə hər hansı ciddi hazırlıq tələb olunmur:
“İndi guya ölkədə bələdiyyə seçkiləri keçirilir, 23 dekabrda seçki olacaq. Amma bu hiss olunurmu? Xeyr! Çünki bu prosesi təşkil edəndə, namizədləri irəli sürəndə, hətta formal da olsa müstəqil, bitərəf namizədlər prezident administrasiyasının koordinasiyası ilə, yerli icra hakimiyyətləri təyin edilir. Parlament seçkiləri də aşağı-yuxarı buna bənzər olacaq. Ola bilər ki, parlament seçkilərində müstəqil, müxalif namizədlər olsun və onlar aktivlik göstərsin. Amma bütün hallarda seçkilərin keçirilməsində, təşkilində hər hansı çətinliklərin olacağını düşünmürəm".
Akif Qurbanov hesab edir ki, necəki, bundan öncəki seçkilər, eləcə də qarşıdan gələn bələdiyyə və parlament seçkiləri total qanun pozuntuları ilə baş tutacaq. Amma Mərkəzi Seçki Komissiyası adətən bu cür iddiaları rədd edir, seçkilərin azad və demokratik şəkildə keçirildiyini bildirir.
Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasından gəlib.
Partiyanın icra katibi Əli Əhmədov bu addımı prezidentin ölkədə apardığı islahatların parlamenti də əhatə etməsinə şərait yaratmaq kimi dəyərələndirib.
Hökumətin tənqidçiləri isə hesab edirlər ki, bu addım hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək cəhdidir.