Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:31

'…İcra hakimiyyətinin qapazaltısına çevrilib'


Azərbaycanda məhkəmə sistemi
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Azərbaycanda məhkəmə sistemi (Karikatura)

Avropa Şurasının Hüquqi məsələlər və insan haqları komitəsi hesab edir ki, Azərbaycanda bir sıra şəxslər qurumun assambleyasının təsnifatına uyğun olaraq siyasi məhbusdurlar. Qurumun dekabrın 10-da yaydığı açıqlamaya görə, bu qənaət Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gəldiyi faktiki nəticələrə söykənir.

Sənəddə o da vurğulanıb ki, Azərbaycanın sistematik siyasi məhbus problemi var.

Hərçənd, neçə illər idi ki, Azərbaycan rəsmiləri hesab edirdilər ki, ölkədə siyasi məhbus yoxdur. Onların fikrincə, yerli hüquq müdafiəçilərinin bununla bağlı siyahılarında yer alan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

«Hakimiyyət ortaya siyasi iradə qoymalıdır»

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru, hüquqşünas Namizəd Səfərov AzadlıqRadiosuna deyib ki, siyasi məhbus məsələsinin birdəfəlik həlli üçün hakimiyyət ortaya siyasi iradə qoymalıdır: «Bu da iqtidarın daima hakimiyyətdə qalmaq məqsədi ilə yox, ölkəni qanunlar əsasında idarə etmək və demokratik, şəffaf, seçkilər keçirilməsini təmin etməklə mümkün olar. Hakimiyyət bütün bunları etdikdən sonra siyasi məhbus məsələsi həll oluna bilər».

Siyasi məhbus probleminin yaranmasına gəlincə, N.Səfərov vurğulayıb ki, ölkənin bir sıra siyasi qüvvələri hakimiyyətin zəbt olunduğunu, demokratik seçkilərin keçirilmədiyini görüb siyasi fəaliyyət göstərirlər. Onun fikrincə, hakimiyyət də siyasi qüvvələrin mübarizəsinə bütün vasitələrlə mane olur: «Hakimiyyət Konstitusiya ilə nəzərdə tutulmuş seçki, sərbəst toplaşmaq, ifadə, siyasi fəaliyyət və digər demokratik azadlıqları təmin etmir, çünki hakimiyyətdən getmək fikrində deyil».

N.Səfərov
N.Səfərov

Hüquqşünas hesab edir ki, bütün bunların nəticəsində də siyasi məhbuslar yaranır.

N.Səfərov vurğulayıb ki, Avropanın demokratik strukturlarına üzv olarkən Azərbaycan öz üzərinə öhdəliklər götürüb: «Öhdəlikləri götürmək bir məsələdir, onlara əməl etmək özü də başqa bir məsələdir».

Hüquqşünas deyib ki, hakimiyyət daim xalqı, Avropanın demokratik təsisatlarını aldadaraq insan hüquq və azadlıqlarını, məhkəmələrin müstəqilliyini təmin etdiyini deyir. Onun fikrincə, əslində isə bu, yalnız sözdədir, əməldə isə belə deyil:

«Azərbaycanda məhkəmə qanunla yox, sifarişlə işləyir»

«Digər hakimiyyət qolları - həm məhkəmə, həm qanunvericilik icra hakimiyyətinin qapazaltısına çevrilib. Azərbaycanda məhkəmə qanunla yox, göstəriş və sifarişlə işləyir, insanlar bəzən cinayət əməli törətmədiyi halda cinayət əməlində ittiham olunurlar».

Hüquqşünas xatırlayıb ki, bundan əvvəl də Avropa Şurası Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edib. Amma N.Səfərovun fikrincə, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) bəzi qüvvələrin köməyi ilə bundan 6 il öncə hazırlanan hesabatın qəbul edilməsinə imkan verilməyib: «Çox vaxt olub ki, siyasi məhbus məsələsi üzrə məruzəçi ölkəyə buraxılmayıb…».

Hüquqşünas hesab edir ki, hazırda ölkədə 150-yə yaxın siyasi məhbus var: «Bu onun göstəricisidir ki, deməli, ölkədə hüquq və azadlıqlar təmin edilmir. Azərbaycan hökuməti həmişə iddia edir ki. ölkədə siyasi məhbus yoxdur. Onlar hansısa cinayətə görə həbs olunanlardır…».

S.Seyidov
S.Seyidov

«…Konstruktiv dialoq var»

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə sosial şəbəkədə yazıb ki, «çoxlu tənqidi məqamların olmasına baxmayaraq, Assambleyanın son illər ədliyyə sistemində islahatları alqışlamasından şadam».

O, Azadlıq Radiosuna da müsahibəsində vurğulayıb ki, son zamanlar Avropa Şurası ilə Azərbaycan arasında konstruktiv dialoq var. Onun sözlərinə görə, bu da məruzədə obyektiv, reallığı əks etdirən və balanslaşdırılmış məsələlərin yer almasına səbəb olub: «Ona görə də biz belə hesab edirik ki, belə mütəxəssis yanaşması gələcəkdə də Azərbaycan-Avropa Şurası münasibətlərinə normal, konstruktiv əlaqələr qurmaq üçün şərait yaradacaq. Biz məruzədəki müsbət məqamları dəstəklədik. Tənqidi məqamlar da mövcud idi. Təbii ki, tənqidi məqamlara da münasibətimizi bildirdik… Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə tərəflər arasında ciddi problem qalmayacaq».

«Yanaşma dəyişib»

APA agentliyinin xəbərinə görə də, onlara açıqlamasında S.Seyidov AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Torhild Sunna Evarsdottirin hazırladığı məruzə ətrafında müzakirələrin daha balanslaşdırılmış, daha obyektiv keçdiyini qeyd edib: «Siyasi məhbus kimi təqdim olunan şəxslərin məsələsi həmişə Azərbaycanla Avropa Şurası arasında böyük qalmaqallar, mübahisələr, qarşıdurmalar, fikir ayrılıqlarına gətirib çıxarırdı. Bunun əsası da var idi. Çünki müxtəlif yerlərdən, insanlardan, təşkilatlardan, mənbəyi, sayı bilinməyən qeyri-obyektiv, qərəzli, hansısa məqsədləri daşıyan siyahılar təqdim olunurdu. İnsan haqları komitəsində dünən (dekabrın 10-da) müzakirəyə çıxarılan Azərbaycan üzrə məruzədə bu məsələlər məruzəçi tərəfindən kənara qoyulub. Ona görə yox ki, bu siyahıların təqdim olunması dayanıb. Xeyr, siyahıları müxtəlif yerlərdən yenə göndərirlər. Ancaq yanaşma dəyişib. Yanaşma Avropa İnsan Haqları Məhkəməsinin qərarları əsasında formalaşdırılır. Biz də hesab edirik ki, bu, tamamilə düzgün yanaşmadır».

S.Qocamanlı
S.Qocamanlı

«Bu problem qapanmalıdır»

Hüquq müdafiəçisi, Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı isə «Turan» agentliyinə deyib ki, 2019-cu ilin martında geniş miqyaslı əfv fərmanı verilib. Onun deməsinə görə, həmin sərəncama əsasən, siyahı üzrə 62 nəfər azadlığa buraxılıb: «Amma Avropa Şurasına müxtəlif siyahılar gedir, bu siyahılar biri-birindən həndəsi silsilə ilə fərqlənir. Bu da Avropa Şurası üçün təəccüblüdür ki, niyə müxtəlif siyahılar gəlir, niyə yekdil siyahı yoxdur, həmin siyahı üzərində işləsinlər».

S.Qocamanlı da hesab edir ki, bu siyasi məhbus məsələsi də birdəfəlik qapanmalıdır: «Söhbət ondan gedir ki, bu problemə son qoymaq vaxtıdır. Ümumiyyətlə, bu problem qapanmalı və siyasi məhbus problemi Avropa Şurasında daha səslənməməlidir».

XS
SM
MD
LG