“Financial Times” qəzetində Tim Harford son 10 ildə sosial medianın həyatımızdakı rolunu təhlil edir.
Əslində, sosial media 2010-cu ildən qabaq da mövcud idi, ancaq indiki formada deyil. Axı, 2009-cu ildə az adam smartfondan istifadə edirdi. Son 10 ildə Facebook sosial şəbəkəsinin aktiv istifadəçi bazası 7 dəfə artıb. Instagram və WhatsApp təxminən 10 il qabaq işə salınıblar. Twitter-ə gəlincə, müəllif qeyd edir ki, Donald Trump 2011-ci ildən tvit atmağa başlayıb.
Müəllif Ərəb baharı, yaxud Trump-ın 2016-cı ildə prezident seçilməsi kimi hadisələrdə sosial medianın rolundan danışmağın mümkün olduğunu qeyd edir, amma təbliğatın da yeni olmadığını vurğulayır.
“Üstəlik, sosial medianın faydası da var: eşidilməyə layiq hər cür insana platforma verir. Amma sosial medianın siyasətlə bağlı daha mənalı, sərt vəşəfqətli müzakirəyə yol açdığını söyləmək çətindir. Qorxutma, kişi şovinizmi, sonsuz qəzəb mühitində botları adamlardan fərqləndirmək çətindir, ən çox da ona görə ki, bir çox insanlar özlərini bot səviyyəsinə salıblar”, – məqalədə deyilir.
İqtisadiyyata gəlincə, müəllif sosial media platformalarının monopoliyaya meylləndiyini qeyd edir. Onun fikrincə, bunun qarşısını alacaq bir addım Facebook-u WhatsApp və Instagram-ı özündən ayırmağa məcbur etmək olardı. Bu iki xidmət Facebook-un rəqibinə çevrilə bilərdi.
Qeyd edək ki, bir sıra ölkələrdə Google, Facebook kimi texnologiya nəhənglərinə nəzarət getdikcə gücləndirilir. Dekabrın 20-də Google şirkəti Fransada 150 milyon avro cərimələnib. Səbəb kimi şirkətin qeyri-rəqabətli davranışı, Google Ads səhifəsində aydın olmayan reklam qaydaları göstərilib.
Sosial media şirkətlərinin istifadəçilərlə bağlı gizlilik qaydalarına necə əməl etməsi də son bir neçə ildə müzakirə mövzusudur. “Cambridge Analytica” şirkətinin ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyası zamanı Facebook istifadəçilərin məlumatından qanunsuz istifadə etməsinin üzə çıxması bu müzakirələti dərinləşdirdi. Bu qalmaqal adamlarla manipulyasiya etməkdən ötrü onlarla bağlı məlumatlardan necə sui-istifadə olunduğunu ortaya qoydu.