Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:09

London, Paris və Berlin Tehrana ‘son xəbərdarlıq’ edirlər


Soldan sağa: Boris Johnson, Emmanuel Macron və Angela Merkel
Soldan sağa: Boris Johnson, Emmanuel Macron və Angela Merkel

Britaniya, Fransa və Almaniya yanvarın 14-də İranla bağlanmış nüvə sazişində mübahisələrin rəsmi çözümü mexanizmini işə salıblar.

Bu, faktiki olaraq 2015-ci il nüvə sazişinin varlığına son qoyulması ilə nəticələnə bilər

Buna baxmayaraq, üç Avropa ölkəsi başçılarının birgə bəyatanında deyilir ki, İran sazişin şərtlərini pozmağa başlayandan sonra onların başqa çıxış yolu qalmayıb.

Boris Johnson, Angela Merkel və Emmanuel Macron bildiriblər ki, İranın addımları ilə razı deyillər və bu, “qarşısıalınmaz nəticələrə” səbəb ola bilər.

Bununla belə, Avropa liderləri bildiriblər ki, onların əsl məqsədi nüvə sazişini birdəfəlik “dəfn etmək” yox, onu xilas etməkdir.

ABŞ prezidenti Donald Trump 2015-ci ildə İranla dünya gücləri arasında imzalanmış sazişdən narazıdır.

O öz ölkəsini müqavilədən çıxarıb və Tehran üzərinə sanksiyaları bərpa edib.

İran bundan sonra nüvə sazişi üzrə öhdəliklərindən geri çəkilməyə başlayıb, yanvarın 3-də general Qasem Soleimani-nin öldürülməsindən sonra isə sazişdən tamamilə imtina edəcəyini bildirib.

Bununla yanaşı Tehran bildirir ki, rəsmən sazişi tərk etmir və danışıqlara hazırdır.

Sazişin şərtlərinə görə, indi üç Avropa liderinin şikayətinə Birgə Komissiya baxmalıdır.

Bu komissiyaya nüvə sazişini imzalamış bütün ölkələr daxildir.

Əgər komissiyanın gəldiyi nəticə mənfi olarsa, onda Avropa ölkələri İran üzərinə sanksiyalarını bərpa edə bilərlər.

Diplomatik mənbələrin bildirdiyinə görə Avropa liderlərinin məqsədi İranı cəzalandırmaq yox, onu sazişin çərçivəsinə qaytarmaqdır.

Avropada ehtiyat edirlər ki, İran bu sazişdən tamamilə imtina edərsə, onda qısa müddətdə - təxminən bir ilə nüvə silahının istehsalı üçün kafi həcmdə zənginləşdirilmiş uran istehsal edə bilər.

ABŞ da İranı sərt sanksiyalar vasitəsilə danışıqlar masasına gətirməyə çalışır. Dövlət katibi Mike Pompeo deyib ki, İranla bağlanacaq yeni sazişə Tehranın nüvə proqramından başqa, onun raket proqramına dair də müddəalar daxil edilməlidir.

XS
SM
MD
LG