125-ci dairədən də şikayət var
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin 34 saylı məntəqədəki müşahidəçilərinin etirazı ilə həmin məntəqədə seçki prosesinin dayandırıldığı bildirilir. Bununla bağlı protokol tərtib edildiyi söylənir.
Məlumatı AzadliqRadiosuna A.Əsədlinin Seçki qərargahının «qaynar xətt»inin təmsilçisi Sevinc Fədai verib. S.Fədai deyib ki, 9, 32 saylı məntəqələrdə «karusel» əməliyyatı olub. Onun vurğulamasına görə, bəzi təlimatlandırılan seçicilər bir neçə məntəqədə səs verib. Onun müşahidəçilərə istinadən deməsinə görə, 20 saylı məntəqədə siyahıda adı olmayanları qeydə alıb səsverməyə buraxırlar: «34 saylı məntəqədə seçicilərin adlarının qarşısında eyni imzalar qoyulub. Ümumiyyətlə, bu məntəqədə səsvermə prosesi dayandırılıb...».
125 saylı dairə seçki komissiyasından isə bildiriblər ki, 34 saylı məntəqədə hazırda seçki prosesi davam edir. Qurumdan qeyd ediblər ki, şikayətlər araşdırılacaq.
Bülletenlərin məntəqədən kənara çıxarıldığı bildirilir
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 6 saylı məntəqəsində seçki bülletenlərinin məntəqədən kənara çıxarıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən müşahidəçilər iddia ediblər ki, bülletenləri seçki məntəqəsindən kənara Mərdəkan ərazisində yerləşən Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəhbərliyi çıxarıb: «Məntəqədən kənarda MKİS-in işçilərinə səs verdirirlər».
Məsələ ilə bağlı 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin dairə seçki komissiyasından «Turan»a bildirilib ki, bu deyilənlərdən xəbərləri yoxdur: «Bu məsələ ilə bağlı xəbərimiz yoxdur, araşdırıb, məlumat verəcəyik».
Ərazidəki Mənzil Kommunal İstismar Sahəsindən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
'Hər şey qaydasında gedir'
«Seçkidə hər şey qaydasında gedir». Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, deputatlığa namizəd Siyavuş Novruzov AzadlıqRadiosuna belə deyib.
Hazırda növbədənkənar parlament seçkiləri ilə bağlı Naxçıvanda olduğunu bildirən YAP-çı danışa bilmədiyini söyləyərək söhbətə son verib.
Təcili yardım maşınları ilə 'seçici daşıyırlar'
57 saylı Kürdəmir seçki dairəsi üzrə Vahid Azərbaycan Partiyasının - indiki adı ilə Ağ Partiyanın namizədi Kamal Səlimov AzadlıqRadiosuna bildirib ki, seçkilərdə inzibati resurslardan istifadə olunur. Belə ki, o, təcili yardım maşınları ilə vətəndaşların məntəqələrə aparıldığını iddia edir. 10 və 12 saylı məntəqələrə təcili yardım maşınları ilə seçicilərin daşınması halını isə videoya alıb. Həmin dairə üzrə Müsavat Partiyasının namizədi Vilayət Abuşov da eyni halı müşahidə etdiyini bildirib.
57 saylı seçki dairəsinin dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov isə AzadlıqRadiosuna belə bir halın olmasını təkzib edib. O bildirib ki, bununla bağlı DSK-ya hər hansı müraciət daxil olmayıb.