MSK-nın 15:00 məlumatı: 39.23 faiz
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, həmin vaxta qədər respublika üzrə 2 milyon 905 min 89 nəfər səs verib və seçici fəallığı 39.23 faiz olub.
MSK-dan pozuntu şikayətlərinə cavab
Ayrı-ayrı seçki dairələri və məntəqələrdə pozuntuların baş verməsi ilə bağlı şikayətlərlə əlaqəli verilən suala cavab olaraq Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli «Turan» agentliyinə bunları bildirib: «Bu barədə MSK sədri Məzahir Pənahov da açıqlama verib. MSK sədri həmin halların hər birinin araşdırılacağını və bununla bağlı qərarlar qəbul ediləcəyini söyləyib. Bu, MSK-nın qəti mövqeyidir».
Seçicilərə pul paylanıldığı iddia olunur
80 İmişli-Beyləqan seçki dairəsinin 15 saylı məntəqəsində deputatlığa namizədlərdən birinin xeyrinə seçicilərə pul verildiyi deyilir. Bu barədə həmin məntəqənin müşahidəçiləri iddia irəli sürüblər.
Dairə Seçki Komisiyasının (DSK) sədri Rza Əzizov deyib ki, bu barədə iddiaları onlar da eşidiblər. Amma onun sözlərinə görə, məntəqə daxilində belə hallar baş verməyib.