“Diamond Princess” kruiz gəmisində rusiyalı qadında koronovirus tapılıb. Açıqlamanı fevralın 17-də Rusiyanın Tokiodakı səfirliyi yayıb.
Bu, gəmidəki 24 rusiyalı arasında aşkarlanmış ilk yoluxma halıdır. Onun həm də koronavirusa yoluxmuş ilk rusiyalı olduğu güman edilir.
Səfirlik bildirir ki, qadın müalicə olunmaqdan ötrü tezliklə xəstəxanaya yerləşdiriləcək.
“Səfirlik vətəndaşlarımıza hərtərəfli yardımı davam etdirəcək”, – bəyanatda vurğulanır.
Bundan əvvəl Rusiyada iki çinlidə virus tapılmışdı. Hər ikisi müalicə olunaraq xəstəxanadan buraxılıb.
“Diamond Princess” yanvarın 20-də Yokohamadan çıxıb. Gəmidə 2 min 666 turist və 1045 heyət üzvü var. Kaqoşima, Honq Konq və Okinavaya iki həftəlik səyahətin fevralın 4-də başa çatacağı gözlənirdi. Ancaq Honq Konqda sərnişinlərdən birində koronovirus aşkarlanınca kruiz gəmisi Yokohamada 14 günlük karantinə alındı.
***
Çində virusa yoluxanların sayı 70 mini keçdi
Çində yeni koronavirusa yoluxanların sayı 70 min 548 nəfərə çatıb. Fevralın 16-na olan məlumata görə, virusdan 1770 nəfər dünyasını dəyişib. Məlumatı ölkənin Milli Səhiyyə Komissiyası bu gün – fevralın 17-də yayıb.
Son 24 saat ərzində qeydə alınmış 2 min 48 yeni yoluxma hallarının sayı bir gün öncəkindən 39 nəfər çoxdur. Bundan qabaq üç gün ərzində yoluxma hallarında azalma qeydə alınırdı.
Əlavə 105 nəfərin vəfat etdiyi açıqlanıb.
Fevralın 15-də Çinin dövlət mediası Prezident Xi Jinping-in son çıxışını yayıb. Prezident deyib ki, böhran yayılandan ona cavab tədbirlərinə başçılıq edib.
Xi-nin deməsinə görə, yanvarın 7-də virusla mübarizəyə dair göstərişlər verib, yanvarın 23-dən isə virusun ən çox yayıldığı şəhərlər qapadılıb.
Bu arada Yaponiya hakimiyyəti ölkə sahillərində lövbər salmış kruiz gəmisində daha 70 nəfərdə virus aşkarlandığını açıqlayıb. İndiyədək gəmidə 355 nəfərdə virus tapılıb.
Fevralın 16-da yüzlərlə sərnişinin olduğu ABŞ-ın iki çarter reysi Yaponiyadan çıxıb. Məlumatı Tokiodakı ABŞ səfirliyi yayıb.
“Diamond Princess” kruiz gəmisindən çıxarılan 340-dək amerikalı Birləşmiş Ştatlarda daha 14 gün karantində saxlanacaqlar. Virus tapılmış 40 amerikalı isə Yaponiyada qalır.
COVID-19 virusuna yoluxmuş sərnişinlər Yaponiya xəstəxanalarında tibbi müalicə alırlar.
İndiyədək 30-dək ölkədə 500-dən artıq yoluxma halı aşkarlanıb. Fransa, Honq Konq, Filippin və Yaponiyada dörd nəfər dünyasını dəyişib.