Bu gün, martın 17-də Milli Məclisin iclasında qanunvericilikdə bir sıra dəyişikliklər edilib.
Əvvəlcə epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzalar məsələsinə baxılıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, qaydaları pozan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə oluna bilərlər.
Həmin hallarla bağlı habelə, Cinayət Məcəlləsinə də dəyişikliklər olunub.
Həmin dəyişikliyə əsasən də, epidemiya ilə bağlı rejimlərin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək cərimə tətbiq edilə bilər. Həmçinin, orada 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək həbs cəzası veriləcək.
Eyni əməllər insan ölümünə, yaxud digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək həbs cəzaları nəzərdə tutulur.
İnformasiya haqqında qanuna dəyişiklik
Milli Məclisin iclasında «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişikliklər də müzakirə edilərək qəbul olunub.
Bu dəyişikliyə əsasən isə, informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əmlak ziyanı törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına səbəb olan yalan məlumatlar yerləşdirməyə yol verilməməlidir.
Habelə, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına, başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar da yol verilməz sayılır.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.
Son bir neçə ayda dünyada bu virusdan 7 min civarında şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 28 şəxsdə koronavirus aşkarlanıb. Onlardan bir neçəsinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.
Yeni virusun yayılması hökumətləri bir sıra qabaqlayıcı addımlar atmağa və xüsusi rejimlər tətbiq etməyə sövq edib. Azərbaycanda martın 14-dən bir ay ərzində kütləvi tədbirlər ləğv edilib. Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərlə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.