Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:40

Putin neftin belə ucuzlaşmasına necə yol verib?


Prezident Vladimir Putin (solda) Rosneftin rəhbəri Igor Sechin-lə Kemerovoya uçarkən (2018-ci il)
Prezident Vladimir Putin (solda) Rosneftin rəhbəri Igor Sechin-lə Kemerovoya uçarkən (2018-ci il)

Dünya bazarında neftin qiyməti 24 dollara doğru kəskin enişin ardınca iki gün dalbadal bir barrel üçün 30 dollara yüksəldikdən sonra, martın 20-də yenidən 29 dollara düşüb.

Planet boyunca davam edən koronavirus pandemiyası, habelə Rusiya ilə Səudiyyənin başladığı “qiymət müharibəsi” neft bazarında tam bir qeyri-müəyyənlik yaradıb.

Halbuki Rusiya OPEC-lə hasilatın ixtisarına dair razılaşmanı uzatmaqdan imtina edənədək neft qiymətləri bir barrel üçün 50 dollar civarında az-çox sabitləşmişdi.

Martın 18-19-da neft qiymətlərinin azacıq dirçəlişi ABŞ prezidenti Donald Trump-ın bugünlərdə səslənmiş bəyanatı ilə bağlı ola bilərdi.

Trump bildirmişdi ki, o neft qiymətlərinin sabitləşdirilməsi üçün müdaxilə edə bilər.

The Wall Street Journal qəzeti isə sızmış məlumatlara əsasən bildirib ki, Vaşinqton neft qiymətlərinin kəskin düşməsindəki roluna görə Moskvaya qarşı sanskiyalar elan edilməsini götür-qoy edir.

Bu da xəbər verilir ki, ABŞ həm də hasilatı azaltması üçün Səudiyyə Ərəbistanına da təzyiq göstərməyi planlaşdırır.

Bir barrel üçün 5 dollar söhbəti

Bloomberg saytının danışdığı təhlilçilərin əksəriyyəti neft qiymətlərinin 20 dollardan aşağı düşəcəyinə dair proqnoz veriblər. Onlardan bəziləri hətta ABŞ neftinin bir barrel üçün 5 dollara enə biləcəyini də istisna etmirlər.

Rusiyanın dövlət büdcəsi bir barrel üçün 42 dollar hesabı ilə tərtib olunub.

Bu da məlumdur ki, Rusiyanın Urals markasından olan nefti Brent neftindən ucuzdur. Hazırda Urals neftinin bir barreli 21 dollardır.

Bu səbədən də bir çox şərhçilər belə bir şəraitdə Rusiyanın OPEC-lə əməkdaşlıqdan gözlənilmədən geri çəkilməsinin əsl səbəbini anlamağa çalışırlar.

Bugünlərdə Kremlin sözçüsü Dmitry Peskov bildirmişdi ki, Moskva neft qiymətlərinin daha yüksək olmasını istərdi.

“Səudiyyə-Rusiya qiymət müharibəsindən ABŞ qalib çıxacaq”

Rusiyanın müstəqil “Novaya Gazeta” qəzeti isə yazır ki, Moskvanın Səudiyyə ilə razılaşmadan çəkilməsinin əsas səbəbi ölkənin siyasi və neft rəhbərliyi səviyyəsində fikir ixtilafı ilə bağlı ola bilər.

Rusiyanın Lukoil özəl neft şirkətinin vitse-prezidenti Leonid Fedun martın 18-də RBK agentliyinə müsahibəsində demişdi ki, Rusiyanın OPEC-lə razılaşmadan çıxmasına bir neçə gün qalmış neft sənayesi rəhbərlərinin prezident Putinlə müşavirəsi olmuşdu və o vaxt razılaşmadan çıxmaq məsələsi gündəlikdə deyildi.

Fedun üstüörtülü bildirib ki, hərçənd bunu “bır sıra dövlət neft şirkətləri” istəyirdilər. Amma heç onların da yatsalar, yuxularına girməzdi ki, neft 25 dollara düşəcək.

“Novaya Gazeta” yazır ki, OPEC-lə razılaşmadan çıxmaq barədə ideyanı ilk dəfə Rosneft şirkətinin prezidenti və Putinin yaxın müttəfiqi Igor Sechin səsləndirib.

Fedun deyib ki, Səudiyyə və Rusiya arasında gedən bu qiymət davasından Birləşmiş Ştatlar qalib çıxacaq.

Lukoil ekspertlərinin hesablamalarına görə, aşağı neft qiymətlərinin hesabına Amerika əhalisinin gəlirləri 6 faiz artacaq. Amma neft qiymətinin ən aşağı həddində belə Rusiyada heç benzinin də qiyməti düşməyəcək.

Fedun bildirib ki, indi qiymət düşməsinin qarşısını almaq üçün iki müqavimət cəbhəsi var. Bunun birincisi 28-30 dollar civarındadır. Qiyməti bu həddə saxlamaq olmasa, ikinci xətt 15-20 dollardan keçəcək.

Lukoil şirkətini Ələkbərovdan almaq planı?

Rusiyanın Səudiyyə ilə razılaşmadan qəfil imtina etməsinin kökündə Sechin-in dura biləcəyi ehtimalı ilə rusiyalı iqtisadçı və sosioloq Vladislav Inozemtsev də razılaşır.

O “Novaya Gazeta” qəzetinə müsahibəsində deyib ki, Rosneft sanksiyalar altında olduğundan ABŞ və Avropa İttifaqından ucuz kreditlər ala bilməsə də, tamamilə Kremlin dəstəyinə əmin ola bilər:

“Doğrudur, Rusiyanın neft şirkətlərinə dəstək vermək üçün ehtiyatları çoxdur. Ucuz kreditlərin əvəzinə vergi güzəştləri, Milli Rifah Fondu və sair var. Yeri gəlmişkən, Sechin bu fonda gözünü çoxdan dikib. Amma Rosneftin belə bir fəndlə Amerika şirkətlərini öldürməyə ümid etməsi mənə gülünc gəlir”.

Sechin-in mümkün motivi barədə suala cavab verən iqtisadçı deyib ki, ola bilsin Lukoil-un kapitallaşmasının iki dəfəyədək düşməsini istəyirlər:

“Bunun ardınca isə cinayət işi açmaqla Ələkbərovu şirkəti satmağa məcbur etmək olar. Elə Başneftin də başına bunu gətirmişdilər. Nə bilim? Biz Sechin-in başında olanları hardan bilə bilərik? Bidliyim odur ki, martın 1-də Putinin müşavirəsində OPEC-lə razılaşmanın qırılmasına təkcə o tərəfdar idi”.

XS
SM
MD
LG