Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:45

Çexiya virusa maskayla ‘qalib gəlir’ – Qərb mediası


Çexiya, arxiv fotosu
Çexiya, arxiv fotosu

Çexiya Respublikasında hökumətin və vətəndaşların koronovirusdan qorunmaq üçün maska geyinməsi Qərb dünyası üçün model sayıla bilər. Bunu “The Washington Post” qəzetindən Jeremy Howard yazır. “News.expats” portalında Lucas Němec bu məqaləyə istinad edir, Çexiyanın Baş naziri Andrej Babiš-in ABŞ Prezidenti Donald Trump-a çağırış ünvanladığını qeyd edir.

Babiš tvitində yazıb ki, prezident Birləşmiş Ştatlarda maska taxmağı məcbur etməlidir. Artıq ABŞ-da koronavirusa 150 min təsdiqlənmiş yoluxma, 2 min 500 ölüm halı qeydə alınıb.

İki həftə qabaq Çexiyada sərt karantin tədbirləri tətbiq olundu. İctimai yerlərdə maska taxmayanı 20 min kron cərimə gözləyir.

Bir çoxlarının fikrincə, bu tədbirlər Çexiyada koronovirusun yayılmasını əngəlləyib. Qonşu Almaniya və Avstriyada isə rəqəmlər sürətlə artır.

Çexiyada maska tikən könüllülər də artıb. Sosial mediada yayılan videolarda evdə maskanı necə hazırlamaq öyrədilir.

Son rəy sorğusu sakinlərin 91 faizinin hökumətin sərt və görünməmiş karantin təbirlərini dəstəklədiyini üzə çıxarıb.

Bu tədbirlər üzündən Praqada kiçik bir bar bağlanır və onun sahibi Štefan Olejár barı maska hazırlayan sexə çevirir. Tikiş maşınları əldə edərək günə 400-dək maska hazırlayırlar. Barın 10 işçisi var, evdən çıxa bilməyənlərə maskaları çatdıran sürücü də onların sırasındadır.

Müəllif yazır ki, yoluxma halları ümumilikdə artsa da, cavabı müsbət çıxan testlərin sayı azalmaqdadır. Bu da Çexiya hökumətinin iki həftə öncə qəbul etdiyi sərt antikoronavirus tədbirlərinin nəticə verdiyini göstərir.

Aprelin 1-nə olan məlumata görə, Çexiyada koronavirusa 3 min 330 nəfər yoluxub, 32 nəfər vəfat edib.

Bağçılıq terapiyası

“The Associated Press” agentliyi isə bağçılığın karantin günlərində müalicəvi əhəmiyyətindən yazır.

Kaliforniya sakini Lindsay Waldrop həyətyanı sahədə bitkilərin necə boy atdığına tamaşa etməkdən doymadığını söyləyir. “İnanılmaz müalicəvidir”, – o deyir.

Ona toxum səpməyi öyrədən babası bir il qabaq dünyasını dəyişib.

“Bəzən sadəcə oturub sakitcə, dərin düşüncələrə dalaraq çalalar qazıram. Fikirlərimi çəkib aparır, əllərim məşğuldur. Nə baş verməsindən asılı olmayaraq, başqa bir şey barədə düşünürsən, sosial mediadan da uzaqlaşırsan”, – o danışır.

Waldrop əriylə birlikdə ötən il Nyu Meksikodan köçüb. Yeni həyətindı irriqasiya sistemi quraşdırıb, onlarla pomidor, badımcan, istiot və digər tərəvəz şitilləri basdırıb.

Waldrop bu işlərə skeptik yanaşan ərinin də fikirlərini dəyişə bilib. Əri deyirmiş ki, niyə axı palçıqda əlləşmək əyləncə sayılmalıdır. Amma həyətdən ilk pomidorları yeyincə onu dadüşüncələri dəyişir.

Müəllif Britaniya və Almaniyada məhsul yetişdirmək üçün torpaq bağlamaları satıldığını yazır.

“Bağçası olanlar bəxtəvərdirlər”, – Berlinin şimalında yaşayan Heidi Schaletzky deyir.

Schaletzky əriylə birlikdə səkkiz ildir “Azad ölkə” adlı icmanın sahəsində çiyələk, kahı, kolrabi yetişdirir. Almaniyada virusu önləmək tədbirləri çərçivəsində bağ sahələrinə girişə məhdudiyyət qoyulmayıb.

“Başqalarını da görə bilirik, hasarın o tayında dayanırlar”, – o əlavə edir.

Müəllif yazır ki, evdə yetişdirilən ərzağa münasibətin tarixçəsi 2-ci dünya Müharibəsinə gedib çıxır. O zaman milyonlarla adam potensial ərzaq qıtlığından qorunmaq üçün qələbə bağları salırdılar.

Elə Kanzas şəhərində yaşayan Hollie Niblett də qələbə bağlarının qayıdacağına ümid edir.

“Bağçam ruhumu qidalandırır. Hazırda burası mənə hər şeydən artıq ümid və məqsəd verir”, – o, evinin arxa qapısında yerləşən bağçasında danışır.

KidsGardening.org qeyri-kommersiya təşkilatı isə uşaqlara öz bitkilərini yetişdirməyə, digər fəaliyyətə həvəsləndirir.

XS
SM
MD
LG