Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:38

Putin neft danışıqlarına ABŞ-ı da çəkmək istəyir


Prezident Vladimir Putin, enerji naziri Aleksandr Novak (solda) və Gazprom-un rəhbəri Aleksey Miller (Foto arxivdəndir)
Prezident Vladimir Putin, enerji naziri Aleksandr Novak (solda) və Gazprom-un rəhbəri Aleksey Miller (Foto arxivdəndir)

Prezident Vladimir Putin aprelin 3-də deyib ki, Rusiya neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın ixtisarına dair danışıqlara hazırdır.

Bu, əslində, Rusiyanın ötən fevralda imtina etdiyi OPEC+ formatına qayıtmağa hazır olması deməkdir.

Moskva ötən fevralda Səudiyyə Ərəbistanı ilə OPEC+ razılaşmasını davam etdirməkdən boyun qaçırdıqdan sonra Rusiyanın Urals markalı neftinin qiyməti bir barrel üçün 10 dollara düşmüşdü.

Neftin belə qiyməti Rusiya büdcəsinə heç bir gəlir gətirmir, ölkənin neft şirkətləri isə ziyanla işləyirlər.

Hasilatın günə 10 milyon barrelədək azaldılması

Putin aprelin 3-də qlobal bazarlardakı vəziyyətin müzakirəsinə həsr edilmiş müşavirə keçirib. O bu tədbirdə deyib:

"Biz OPEC+ mexanizmi çərçivəsində partnyorlarımızla razılaşmaya və Amerika Birləşmiş Ştatları ilə bu məsələdə qarşılıqlı fəaliyyətə hazırıq. Hesab edirəm ki, bazarların sabitləşdirilməsi üçün səylərin birləşdirilməsinə ehtiyac var”.

Bu müşavirədə Gazprom-un başçısı Aleksey Miller, baş nazirin birinci müavini Andrey Belousov, baş nazirin müavini Yury Borisov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, habelə üç ən iri neft şirkətinin rəhbərləri – Lukoil-un başçısı Vahid Ələkbərov, Gazpromneft-in rəhbəri Aleksandr Dyukov, Tatneftin prezidenti Nail Maganov və Rosneftin başçısı Igor Sechin iştirak ediblər.

Putin deyib ki, onun fikrincə və ilkin hesablamalara görə söhbət neft hasilatının hardasa sutkada 10 milyon barrelədək azaldılmasından gedə bilər.

Lakin Putin bunu da bildirib ki, neft hasilatının ixtisarı ABŞ da daxil bütün əsas oyunçuların iştirakilə “partnyorluq” əsasında baş verməlidir.

Putin Səudiyyəni ittiham edir

Putin qeyd edib ki, söhbət neft hasilatının böhranaqədərki səviyyədə ixtisarından gedə bilər.

Rusiya prezidenti deyib ki, Moskva Səudiyyə ilə razılaşmadan elə bu məsələdəki fikir ixtilafına görə imtina edib.

Beləliklə Rusiya lideri razılaşmanın pozulmasında məhz Moskvanın əsas rol oynadığını bir daha inkar edib və əksinə günahı Səudiyyənin üzərinə qoyub.

Putin bildirib ki, Səudiyyənin əsas məqsədi şist neftinin bazardan çıxarılması idi:

“Bu mənada onlar məqsədlərinə müəyyən dərəcədə, əlbəttə çatıblar. Amma bizə də elə bu lazım deyil. Biz qarşımıza belə bir məqsəd qoymamışıq. Amma biz bütün partnyorlarımızın maraqlarını nəzərə almalıyıq. Bəli, məhz hamının”.

Öz növbəsində Rusiyanın enerji naziri Aleksandr Novak da deyib ki, Rusiya, Səudiyyə, ABŞ və OPEC-ə daxil olmayan başqa bütün ölkələrin iştirakı yeni razılaşmanın imzalanması üçün şərt olmalıdır.

Bu müşavirədə Putin qeyd edib ki, neftin qiyməti bir barrel üçün 40 dollardan az olmalıdır.

O xatırladıb ki, Rusiya büdcəsi məhz bir barrel üçün 42 dollar qiymətinin əsasında tərtib olunub.

XS
SM
MD
LG