Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:36

Sorğu: Putin oliqarxların və paqonluların maraqlarını ifadə edir


Rusiyadakı Levada mərkəzinin apardığı rəy sorğusunun nəticəsinə görə prezident Vladimir Putin oliqarxların və güc nazirliklərinin maraqlarını ifadə edir.

Sorğunun nəticələri Vedomosti qəzetində dərc edilib.

Bu sorğuda iştirak edən rusiyalıların 38 faizi deyib ki, Putin bankirlərin və iri sahibkarların maraqlarını qoruyur.

Respondentlərin 37 faizinin fikrincə isə, prezident güc nazirlikləri əməkdaşlarına rəğbətlidir.

Beləliklə, 2000-ci ildən keçirilən bu sorğuda ilk dəfə olaraq iri biznesmenlər paqon sahiblərindən irəli keçiblər.

Respondentlərin 28 faizinin fikrincə, Putin məmurların maraqlarını təmsil edir.

18 faiz hesab edir ki, Rusiya prezidentini orta sinfin qayğıları düşündürür.

Rəyi soruşulanların 16 faizinin qənaətinə görə o sadə insanların adamıdır.

Sorğuda iştirak edənlərin yalnız 8 faizi Putinin mədəniyyət və elm elitasının qayğısına qaldığını deyib.

Prezidentə rəğbət azalmaqdadır

Respondentlərdən habelə onların Putinə münasibətlərini soruşublar.

Rusiya prezidentinə rəğbət artıq ikinci ildir ki, azalır.

Respondentlərin 56 faizi onun barəsində müsbət düşünür və ya pis heç nə deyə bilməz.

Daha 25 faiz Putinə neytral, amma ehtiyatla yanaşır.

Rəyi soruşulanların 16 faizinin Putinə antipatiyası var və ya onun barəsində yaxşı heç nə deyə bilməzlər.

Vedomosti qəzetinə müsahibəsində mərkəzin direktoru Lev Gudkov deyib ki, Putinin böyük biznesin maraqlarını ifadə etməsinə dair fikir neft qiymətlərinin düşməsi və rublun ucuzlaşması ilə bağlı müzakirələrdən doğub:

"Bu mövzu internetdə geniş müzakirə olunub. Bu hadisələrin əsas zərbəsi isə əhalinin ən məlumatlı qisminə və gənclərə dəyib. Elə Putinə rəğbət də ən çox gənclər arasında azalıb. Məhz sosial şəbəkələrdə müzakirə olunduğuna görədir ki, siyasi-iqtisadi məsələlər belə reaksiya doğurub”.

Putini saxlayan elə 60 faizin biganəliyidir

Gudkov hesab edir ki, hüquq-mühafizə, təhlükəsizlik orqanları və hərbiyə rəğbət isə daha çox özünü əyalətlərdə büruzə verir.

Gudkovin fikrincə, əhali arasında Putinə rəğbətin azalması ilk növbədə prezidentlik müddətlərinin “sıfırlanmasına” reaksiyadır. Çünki rusiyalıların ən azı 55-58 faizi düşünür ki, hakimiyyət vaxtaşırı dəyişilməlidir, əks halda dövlət idarəçiliyinin səmərəsi azalır.

Gudkov deyir:

"Bütün hallarda əhalinin 60 faizinin prezidentə neytral yanaşması, əsas özək konstruksiyadır. Bu, bəlkə də dözümlüyün ekvivalentidir. “Heç nə eləmək olmur, nə pis, nə də yaxşı heç nə deyə bilmərəm”. Hakimiyyətə olan baza münasibət bunun üstündə qurulub”.

XS
SM
MD
LG