Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Facebook və Google yerli mediaya pul ödəməli olacaq – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Avstraliya Facebook Inc.-i və Alphabet Inc.-in Google şirkətini reklam gəlirini yerli media şirkətləri ilə paylaşmağa vadar edəcək. Bunu ölkənin baş maliyyəçisi bu gün – aprelin 20-də deyib. Görünür, rəqəmsal platformalar ilk dəfə olaraq yararlandıqları kontentə görə ödəniş edəcəklər.

Yerli media şirkətləri gileylənirlər ki, texnologiya nəhəngləri onların əsas gəlir mənbəyi olan reklam bazarına sərt nəzarət edir. Maliyyə naziri Josh Frydenberg deyib ki, Facebook və Alphabet ilə bu yöndə danışıqlar nəticəsiz qalıb.

“Böyük şirkətlərlə mübarizəyə girişmişik, amma bu döyüşə hazırıq”, – Frydenberg Kanberada jurnalistlərə deyib.

Hökumət ölkənin rəqabət agentliyindən xahiş edib ki, media orqanları ilə rəqəmsal platformalar arasında məcburi davranış kodeksi hazırlasın. Hökumət indiyədək məsələni könüllü əsaslarla həll etməyə çalışırdı. Kodeksin iyuladək hazırlanıb qəbul olunacağı gözlənir.

Frydenberg deyir ki, məcburi kodeks xəbər kontenti ilə bağlı datanın, reytinqin və əldə olunan gəlirin paylaşılmasını əhatələyəcək. Cərimə, mübahisələrin həlli mexanizmləri də qurulacaq.

Avstraliyanın onlayn reklam bazarı ildə 9 milyard Avstraliya dollarına (5,72 milyard dollar) bərabərdir, 2005-ci ildən bəri səkkiz dəfə artıb.

Bu ölkədə onlayn reklama sərf olunan hər 100 yerli dolların üçdə bir hissəsi Google və Facebook şirkətlərinə gedir. Avstraliya dekabrda bildirib ki, bu iki şirkət yeni qaydalara razılaşmalıdırlar, bazar gücündən sui-istifadə etməməli, rəqabətə ziyan vurmamalıdırlar, yoxsa hökumət yeni nəzarət qaydalarını işə salacaq.

Facebook hökumətin addımından narahatlıq bildirib.

“Hökumətin açıqlamasından məyus olduq, özəlliklə də onların razılaşdığı son tarixlə ayaqlaşmaq üçün çox çalışdığımız bir dönəmdə”, – şirkətdən deyiblər.

“Avstraliyada naşirlərə kontent razılaşmaları, tərəfdaşlıqlar, təlimlər vasitəsilə dəstək kimi milyonlarla dollar sərmayə ayırmışıq”, – Facebook-un Avstraliya və Yeni Zelandiya üzrə direktoru Will Easton emaillə göndərdiyi bəyanatında vurğulatır.

Google media davranış kodeksi planları ilə əməkdaşlığı davam etdirəcəyini sözləyib.

Korporasiyalara qarşı haker hücumları artır

Birləşmiş Ştatlar və digər ölkələrdə korporasiyalara qarşı haker hücumları iki dəfədən çox artıb. “Reuters” tədqiqatçılara istinadla yazır ki, bu koronovirus pandemiyasından dolayı evdən işləyənlərin sayının artmasıyla rəqəmsal təhlükəsizliyin zəifləməsi ilə bağlıdır.

Rəsmilər və tədqiqatçılar hətta virtual şəxsi şəbəkələr (VPNs) vasitəsilə məsafədən işləyənlərin belə problemi dərinləşdirdiyini bildirir.

VMware Carbon Black proqram və təhlükəsizlik şirkətinin bildirməsinə görə, martda pul qoparmaq məqsədilə haker hücumları 148 faiz artıb.

“Bu pandemiya fonunda rəqəmsal tarixi hadisə baş verir, kibercinayətkarlıq pandemiyası baş alıb gedir”, – VMware şirkətinin kibertəhlükəsizlik strategiki Tom Kellermann deyib.

“Səmimi olsaq, korporativ mühitdə olana baxanda məsafədən işləyənə qarşı haker hücumu daha asandır”, – o bildirib.

Federal Təhqiqat Bürosunun (FTB) kibertəhlükəsizlik üzrə aparıcı rəsmisi isə ötən həftə bildirib ki, hakerlər koronovirusun səbəb olduğu COVID-19 xəstəliyinin müalicə üsulları ilə bağlı araşdırma arana şirkətləri hədəfə alıblar.

FTB rəsmisi Tonya Ugoretz-in sözlərinə görə, son vaxtlar bir sıra səhiyyə və tədqiqat qurumları ətrafında haker fəaliyyəti müşahidə edirlər.

“Bu qurumlar, özəlliklə COVID-19-la bağlı tədqiqat apardığını açıq elan edənlər ətrafında kəşfiyyat fəaliyyəti, bəzən müdaxilə müşahidə edirik”, – o deyib. Rəsminin fikrincə,bu halda sözügedən qurumların fəaliyyəti bəzi dövlətlərin diqqətini çəkir, onların nə etdiklərini bilmək, hətta oğurlamaq istəyirlər.

XS
SM
MD
LG