Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Amerikalılar tualet kağızı alıb yığanda rusiyalılar... – Qərb mediası


Moskva, 20 aprel, 2020-ci il
Moskva, 20 aprel, 2020-ci il

Martın əvvəlindən rusiyalılar koronovirus böhranından dolayı bank hesablarından 13 milyard dollar çıxarıblar. “Bloomberg”in məlumatına görə, son yeddi həftə ərzində Rusiyada ATM-lər və bank filiallarından 1 trilyon rubla yaxın (13,6 milyard dollar) vəsait çıxarılıb. Bu, 2019-cu il ərzində çıxarılan vəsaitdən çoxdur.​

“Adamlar qorxurdular ki...”

Agentlik yazır ki, gündəlik pul çıxarmaların pik həddi Rusiya Prezidenti Vladimir Putinin pandemiyaya görə ölkədə tətbiq olunacaq tədbirləri sadaladığı bir dönəmə təsadüf edib.

Məsələn, Putin elan eləyib ki, 1 milyon rubldan artıq bank depozitlərinə vergi qoyulacaq və özünütəcrid tədbirlərini mayadək uzadıb. Bir təhlilçinin sözlərinə görə, rusiyalılar həmin dövr üçün pul ehtiyatı yığdıqları vaxt digər ölkələrdə yaşayanlar evlərinə ərzaq və başqa tapılmayan mallar toplamağa çalışırdılar.

“Adamlar qorxurdular ki, birdən karantin vaxtı banklar işləməz. Başqa yerlərdə yaşayanlar ərzaq ehtiyatı yığanda onlar da banklardakı pullarını çıxarırdılar”, – Moskvadakı Raiffeisenbank-ın təhlilçisi Denis Poryvay deyib.

Ötən ay istehlakçıların təhlükəsizliyi agentliyi Rospotrebnadzor əhalini nağdsız ödənişlərə həvəsləndirib, Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsaslanıb ki, virus pulun üstündə günlərlə qala bilər.

Yoluxmalar kəskin artıb

Aprelin 20-də Rusiyada koronovirus yoluxmalarında daha bir kəskin sıçrayış qeydə alınıb. Ölkənin Səhiyyə naziri Mikhail Murashko isə dövlət televiziyasına müsahibəsində deyib ki, hökumətin qadağaları yoluxmaların güclənməsini önləməyə yardım edir.

Ötən gün ərzində ölkədə 4 min 200 yoluxma qeydə alınıb və ümumi yoluxma sayı 47 min 121-ə çatıb. Ölü sayı isə 405 nəfərdir.

Rusiya virusun yayılmasını önləməkdən ötrü kəskin addımlar atmışdı, onun peyda olduğu Çinlə sərhədi bağlamışdı. Amma hökumət sosial məsafə qaydalarını gec tətbiq elədi, kommersiya biznesini gec bağlandı.

“Sosial məsafə və özünütəcrid tədbirlərinin səmərə verdiyini görürük”, – Murashko Rossiya-24 televiziyasına deyib. Onun sözlərinə görə, indi xəstəxanalara qəbul olunan ağır xəstələrin sayı azalır.

Bir gün öncə isə Prezident Putin vəziyyətin tam nəzarətdə olduğunu deyirdi.

XS
SM
MD
LG