Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:22

'Neft 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs alsın'


Neft
Neft

Son günlər neftin bir barrelinin qiyməti 30 dolları keçdi (Bundan bir qədər əvvəl isə neft son 20 ildə görünməyən həddə qədər ucuzlaşdı, qiymət 15-20 dollar civarında dəyişdi). Lakin bu, Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin proqnozlaşdırılan qiymətindən (55) 25 dollar azdır. Azərbaycanın ixracının isə 90 faizi neft və qazın payına düşür. Bəs görəsən, Azərbaycanda "qara qızıl" daha nə qədər bahalaşmalıdır ki, problemlərin arxada qaldığı açıqlansın?

"Neft" Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna deyib ki, Azərbaycanda problemlərə səbəb təkcə dünya bazarında neftin qiymətinin azalması deyil. Ekspertə görə, üstəlik, koronavirus pandemiyası da ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə ölkə iqtisadiyyatı daralıb.

İ.Şaban əlavə edib ki, iqtisadiyyatın ticarət, tikinti sektorunun gəlirləri azalıb. O vurğulayıb ki, tikinti sektoru da neft-qaz gəlirlərindən qidalanırdı. Ekspertin fikrincə, bununla yanaşı, xidmət sahəsində, o cümlədən, toy və yas mərasimlərinə tətbiq edilən qadağalar, turizm sahəsindəki durğunluq da büdcəyə gəlirləri azaldıb:

İ.Şaban
İ.Şaban

"İndi elə vəziyyət yaranıb ki,..."

"İndi elə vəziyyət yaranıb ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda böyük şirkətlər öz büdcə xərclərinə yenidən baxırlar, kapital xərclərini azaldırlar, ya da belə xərcləri 2021-ci ilə keçirirlər. Neft sənayesində qazma əməliyyatı və s. kimi proseslər azalacaq. Burada çalışan əməkçilər üçün ya iş olmayacaq, ya da, el içində deyildiyi kimi, "quru maaş" alacaqlar, qazma ilə bağlı nəzərdə tutulan pul vəsaitlərini ala bilməyəcəklər".

İ.Şaban ehtimal edir ki, bütün bunlar Neft Fondundan (hazırda orada 41 milyard dollar ehtiyat olduğu bildirilir) büdcəyə köçürmələrin həcmini artıracaq. O xatırladıb ki, bu il üçün Fondan büdcəyə 11 milyard 350 milyon manat köçürmə nəzərdə tutulurdu.

Onun qeyd etməsinə görə, koronavirus pandemiyası ilə bağlı hökumətin 3.5 milyard manat (2 milyard dollardan çox) əlavə xərci yaranıb: "Gəlirlərin 95 faizi isə birbaşa neftin satışından qidalanır...".

Ekspert xatırladıb ki, başqa bir tərəfdən isə, hökumət neft həcmini təbii yolla yox, OPEC+ formatında azaltmağa gedir. Onun fikrincə, bu da gəlirlərə mənfi təsir edən amildir:

Epidemiya+ucuz neft=iqtisadi böhran?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

"70-75 dollar ətrafında olmalı idi"

"Bütün bu həcm azalmalarını nəzərə alsaq, büdcəyə gəlirlərin tarazlaşdırılması, Neft Fondundan əlavə vəsait götürməmək üçün neftin orta ixrac qiyməti 55 yox, 70-75 dollar ətrafında olmalı idi. Ancaq nəzərə alsaq ki, birinci rübdə orta ixrac qiyməti 59 dollar olub, bu, gəlirləri artırmağa imkan vermir. Gəlir baxımından qalan müddət ərzində neftin qiyməti 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs ala bilsin".

İ.Şaban deyib ki, pandemiyadan sonra neftin qiyməti artacaq, ancaq bunun nə qədər olacağını indidən söyləmək mümkün deyil. Onun fikrincə, bu, dünyada iqtisadi hərəkətlilikdən və bazarda tələbatdan asılı olacaq.

Deputat Razi Nurullayev isə məsələyə bir az fərqli mövqedən yanaşır. Amma o da "Turan" agentliyinə deyib ki, neftin qiymətinin yüksək olması Azərbaycan kimi "qara qızıl"ın ixracından asılı olan ölkələr üçün yaxşı haldır.

Deputatın fikrincə də, hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru lazımı qədər inkişaf etmədiyinə görə neftin hazırkı qiymətləri ölkə üçün perspektivdə müəyyən problem yarada bilər:

R.Nurullayev
R.Nurullayev

"Neftin qiyməti hətta 60-70 dollara qalxsa belə..."

"Məsələ burasındadır ki, hazırda neftin qiyməti hətta 60-70 dollara qalxsa belə yenə də Azərbaycan iqtisadiyyatının əvvəlki vəziyyətinə qayıtması və nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün minimum bir-iki il vaxt lazım olacaq. Neftin qiymətinin neçə olması vacib deyil, çünki Azərbaycan siyasətini bununla quracaqsa, həmişə elə bu problemlərlə yaşamalı olacaq".

Onun fikrincə, indi əsas diqqət hazırda Neft Fondunda olan vəsaitlərin Azərbaycanın real qeyri-neft sektorunun inkişafına hansı töhfələr verə biləcəyi üzərində cəmlənməlidir. R.Nurullayevə görə, yeni proqramlar hazırlanmalı, Neft Fondunda olan pullar real iqtisadiyyatın inkişafına yönəldilməlidir.

Deputat vurğulayıb ki, neftdən asılılığın azaldılmasını hamı deyir, amma bunu təkcə demək yox, həm də etmək lazımdır. Onun fikrincə, Azərbaycan çox güclü mütəxəssisləri, menecerləri ölkəyə dəvət edə bilər: "Məhz xarici mütəxəssislərin rəhbərliyi altında və onların birbaşa iştirakı ilə Azərbaycan yaxın zamanda neft vəsaitlərindən istifadə edərək iqtisadiyyatı yeni bir mərhələyə çıxarmaq barədə hazırlıq işləri görməlidir".

Azərbaycan hökuməti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə 3.5 milyard manatlıq paket elan edib. Həmin istiqamətdə görülən tədbirlərdən biri də işsizlərə verilən (aprel, may ayları üçün verilir) 190 manatlıq yardımdır. Hökumət 600 min şəxsə belə yardım ediləcəyini açıqlayıb. Bundan başqa, sahibkarlıq subyektlərinə də dəstək verilir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 284 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi bu virusa 2 min 519 yoluxma faktı müəyyən edilib, onlardan 32 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib.

XS
SM
MD
LG