Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:49

Hindistan və Çin arasında toqquşmada əsgərlərin öldüyü xəbər verilir


Hindistanın hərbi maşın karvanı dağlıq sərhəd bölgəsində
Hindistanın hərbi maşın karvanı dağlıq sərhəd bölgəsində

Hindistan ordusu iyunun 16-da xəbər xəbər verib ki, qərbi Himalayda ölkənin Çinlə mübahisəli sərhəd sektorunda iki tərəf arasında baş vermiş toqquşmalarda 20 hindli əsgər həlak olub.

Çinin Xarici İşlər Nazirliyi bu insidentin baş verdiyini təsdiq etsə də, “zorakı fiziki qarşıdurmada” itkilər barədə məlumat verməyib.

Reuters agentliyi Hindistan hökumət mənbələrindən birinə istinadən yazır ki, iyunun 15-də baş vermiş toqquşma zamanı dəmir dəyənəklərdən və daşlardan istifadə olunub, amma atəş açılmayıb.

Bu iki nüvə ölkəsi arasında 1967-ci ildən bəri ən ciddi insidentdir. Hindistan və Çin illərdir ki, uca dağlıq ərazidəki sərhəd xəttini heç cür müəyyənləşdirib razılığa gələ bilmirlər.

Qarşılıqlı ittihamlar

Çin və Hindistan Ladax bölgəsində baş vermis toqquşmaya görə bir-birini ittiham edir. Bundan əvvəl iki ölkənin hərbçiləri vəziyyəti aydınlaşdırmaq üçün danışıqlar aparmışdılar.

May ayından bəri sərhədin bu sektoruna hər iki tərəfdən yüzlərlə əsgər gətirilib və onlar üç ayrı-ayrı nöqtədə səngərləniblər.

Xəbər verilir ki, iyunun 15-dən 16-na keçən gecə iki tərəf Qalvan vadisində yaranmış vəziyyəti müzakirə edirmiş.

Hindistan tərəfinin verdiyi məlumata görə bu müzakirələrin bir məqamında Çin hərbçiləri hindli əsgərlərə dəmir dəyənəklərlə hücum ediblər.

Hindistan əsgərləri buna, qarşı tərəfi daşa basmaqla cavab veriblər.

Bundan sonra Çin tərəfinin sərhədə daha çox hərbçi gətirdiyi və toqquşmanın daha iki saat davam etdiyi xəbər verilib.

Çin və Hindistan sərhədçiləri mübahisəli sektorda tez-tez qarşılaşırlar (Foto arxivdəndir)
Çin və Hindistan sərhədçiləri mübahisəli sektorda tez-tez qarşılaşırlar (Foto arxivdəndir)

Hazırda toqquşmanın dayandığı bildirilir.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Anurag Srivastava deyib ki, əgər iki tərəf arasında yüksək səviyyədə razılaşma əldə olunsaydı, bu toqquşma baş verməyə bilərdi.

Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, iki ölkə arasında əldə olunmuş konsensus kobud şəkildə pozulub.

Nazirliyin sözçüsü iddia edib ki, konsensusun mövcudluğuna baxmayaraq hindli əsgərlər iki dəfə sərhəd xəttini keçərək təxribat törədiblər.

Ara-sıra yumruq davası

Hindistan və Çin arasında 1962-ci ildə baş vermis qısa, lakin qanlı döyüşdən sonra iki ölkə arasında dərin etimadsızlıq yaranıb və ara-sıra gərginliyin eskalasiyası baş verib.

İki tərəfin sərhədçiləri üz-üzə gələrkən bəzən yumruq davasına başlayıblar. Lakin 1967-ci ildə baş vermiş toqquşmadan sonra bu qarşıdurmalarda ölən olmamışdı.

Hərbi ekspertlər deyirlər ki, toqquşmalar Hindistanın bu bölgədə yeni yollar və aerodromlar tikməsi ilə bağlıdır.

Hindistan Galvan vadisində aerodroma gedən yolun tikintisini ötən oktyabrda başa çatdırıb.

Çin o vaxt tikintinin dərhal dayandırılmasını tələb etmişdi.

Hindistan bildirmişdi ki, o de facto sərhədin özünə aid tərəfində tikinti işləri görür.

XS
SM
MD
LG