Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:21

Putin yenidən seçkiyə gedəcəyinə eyham vurur


Vladimir Putin (sağda) və Xarici işlər naziri Sergei Lavrov
Vladimir Putin (sağda) və Xarici işlər naziri Sergei Lavrov

Rusiya Prezidenti Vladimir Putin deyir ki, rusiyalılar gələn ay konstitusiyaya dəyişikliyə səs versələr, o da seçkiyə qatılmağı nəzərdən keçirə bilər.

Putinin dediklərini iyunun 21-də dövlət televiziyası yayıb və indiyədək o, niyyətini belə açıq ifadə etməmişdi. 10 gündən sonra, iyulun 1-də isə səsvermə keçirilməlidir.

Sözügedən ziddiyyətli dəyişiklik əvvəlki prezidentlik müddətlərinin sıfırlanmasını nəzərdə tutur.

Putin-in eyhamı

“Hələ heç bir qərar verməmişəm. Bu variant konstitusiyaya salınarsa, yenidən namizəd olmağı istisna etmirəm. Baxarıq”, – Rusiya xəbər agentliklərinin yaydığı mətndə belə deyilir.

Putin onu da bildirib ki, əgər seçkiyə qatılmamağa qərar verərsə, onda varis axtarışı hökumətin diqqətini işdən yayındırar. Görünür, ya Kreml Putin hakimiyyətdən gedəcəyi halda rəqib fraksiyalar arasında varislik çəkişməsindən ehtiyatlanır, ya da Kremlin nəzərində hakimiyyəti möhkəmləndirə biləcək siyasi fiqur yoxdur.

“Bu baş verməsə (yəni, dəyişiklik qəbul olunmasa – red.), onda iki ildən sonra – bunu şəxsi təcrübəmdən bilirəm, – hökumətin bir çox hissələrinin normal iş ritmi mümkün varisi axtarmaqla əvəzlənəcək”, – RIA-Novosti agentliyi onun belə dediyini yazır.

Yanvarda, Kreml rəsmilərinin bir neçə çəkən eyhamlarından sonra Putin konstitusiyaya dəyişiklik etməyə çağırdı. Ancaq ən ziddiyyətli dəyişiklik təklifini martda dəstəklədi. Həmin dəyişiklik qəbul olunarsa, Putin 2024-cü ildən sonra da, yəni, 2036-cı ilədək hakimiyyətdə qala bilər.

Stalin-dən sonra...

67 yaşlı Putin sovet diktatoru Josef Stalin-dən sonra Rusiyada ən çox hakimiyyətdə qalmış liderdir.

2000-ci il prezident seçilən Puyin iki dəfə dörd il müddətinə bu postu tutub. Sonra postu Dmitry Medvedev-ə ötürərək özü baş nazir olub. 2012-cü ildə prezidentliyə qayıdan Putin yeni şərtlərlə iki dəfə hərəsi altı il müddətinə bu vəzifədə qalmaq imkanı əldə edib.

2018-ci ildə seçkini qazanandan sonra Rusiyaya göz qoyan müşahidəçilər Putin-dən gələn siqnalları diqqətlə izləyib. Onun real siyasi rəqibi olmasa da, son illər populyarlığı azalıb. İqtisadi problemlər və koronavirus pandemiyası durumu daha da çətinləşdirib. Ancaq rəy sorğularına görə o, ölkənin ən populyar siyasi xadimidir.

Konstitusiyaya dəyişikliklər üzrə səsvermə aprelin 22-nə planlaşdırılırdı, koronavirus məhdudiyyətlərinə görə iyulun 1-nə keçirilib.

Bülletenə Putinə daha iki dəfə altı il müddətinə hakimiyyətdə qalmaq imkanı verə biləcək, eləcə də seçicilərin milli və nostaljik hisslərini hədəfləyən digər dəyişikliklər yer alıb.

XS
SM
MD
LG