Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:50

Parad Putin-in nəyinə lazımdır – Qərb mediası


Vladimir Putin (öndə) və Müdafiə naziri Sergei Shoigu
Vladimir Putin (öndə) və Müdafiə naziri Sergei Shoigu

“The Financial Times” qəzetində Max Seddon Rusiyada sabah – iyunun 24-də keçiriləcək paraddan yazır. 2-ci Dünya müharibəsində sovet qələbəsinin 75-ci ildönümünə həsr olunmuş parad bir sıra regionlarda təxirə salınıb.

Ancaq Krımın qubernatoru Sergei Aksyonov ötən həftə paradın koronavirus pandemiyasına görə ləğv olunduğunu açıqlasa da, iki saat yarım sonra fikrini dəyişib, Moskvayla danışıqlarda sonra paradın çərşənbə günü keçiriləcəyini bildirib.

Pandemiyaya görə təxirə salınmış 9 may paradı sonradan iyunun 24-nə təyin olundu. Müəllif yazır ki, hər il Moskvanın hərbi qüdrətinin sərgiləndiyi bu tədbir adətən təmtəraqlı keçir və Prezident Putin iyulun sonuna “Ölməz Polk” yürüşünü keçirəcəyinə ümid edir. Bu yürüşə 10 milyona insan çıxaraq müharibədə vuruşmuş yaxınlarının fotolarını qaldırır.

Yoluxmalar artdığı bir vaxtda...

Rusiyada yoluxma sayı 585 min civarındadır, bəzi regionlar hələ də xəstəliyin birinci dalğasıyla çarpışmaqdadır.

Moskvanın meri Sergei Sobyanin vətəndaşları parada getməməyə çağırıb. Bir sıra xarici liderlər, Fransa Prezidenti Emmanuel Macron, Çin lideri Xi Jinping, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev paradda iştirak etməyəcək.

“Onlar televiziyada yaxşı görüntü istəyirlər, ancaq koronavirus dövründə xəstəxanalar dolub-daşdığı bir vaxtda bu heç də yaxşı görünmür”, – R. Politik siyasi konsultasiya firmasının təsisçisi Tatyana Stanovaya deyib.

Bəzi təhlilçilərin fikrincə, karantin qaldırılan kimi paradın keçirilməsində məqsəd gələn aya planlaşdırılan səsvermə öncəsi vətənpərvər əhval-ruhiyyəni yüksəltməkdir. Səsvermədə konstitusiyaya dəyişikliklər səs qoyulur və onlardan biri Putin-in hakimiyyətdə qalmasını uzada bilər.

Bu ayın əvvəlində Levada Mərkəzinin dərc etdiyi sorğuya görə, rusiyalıların cəmi 44 faizi dəyişiklikləri dəstəkləyir.

“Parad onun üçün müqəddəsdir”

Məqalədə deyilir ki, 20 il öncə hakimiyyətə gələndən Putin hətta sovet vaxtı böyük miqyasda qeyd olunmayan bayramlardan Rusiyanın böyük dövlət kimi statusunun bərpasında istifadə edib. İyunun 24-ü də 1945-ci ildə “əfsanəvi və tarixi” Qələbə Günü paradının ildönümünü qeyd etmək üçün seçilib.

“Parad onun üçün müqəddəs bir şeydir. Onun mənəvi bağlarıdır, bunun ona dövləti və cəmiyyəti gücləndirməyə imkan verdiyini düşünür. Buna görə özünü veteranlara borclu bilir”, – Stanovaya deyib.

Putin bugünlərdə deyib ki, rusiyalılar gələn ay konstitusiyaya dəyişikliyə səs versələr, o da seçkiyə qatılmağı nəzərdən keçirə bilər. “Hələ heç bir qərar verməmişəm. Bu variant konstitusiyaya salınarsa, yenidən namizəd olmağı istisna etmirəm. Baxarıq”, – o bildirib.

İyulun 1-də səsverməyə çıxarılacaq dəyişikliklərin biri əvvəlki prezidentlik müddətlərinin sıfırlanmasını nəzərdə tutur.

2000-ci ildə prezident seçilən Putin iki dəfə dörd il müddətinə bu postu tutub. Sonra postu Dmitry Medvedev-ə ötürərək özü baş nazir olub. 2012-cü ildə prezidentliyə qayıdan Putin yeni şərtlərlə iki dəfə hərəsi altı il müddətinə bu vəzifədə qalmaq imkanı əldə edib.

XS
SM
MD
LG